İngiltərə Premyer Liqası: “Mançester Siti” “Aston Villa”nın qapısından üç cavabsız top keçirib
Oktyabrın 26-da İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

Son çempion “Mançester Siti” doğma azarkeşlər önündə “Aston Villa” klubunu qəbul edib.
Görüş Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrindən Rahim Sterlinq (46-cı dəqiqə), Kevin De Brüyne (66-cı) və İlkay Gündoğan (70-ci) fərqləniblər. Qarşılaşmanın 87-ci dəqiqəsində “Mançester Siti”in futbolçusu Fernandinyo ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib.

Bu qələbədən sonra xalların sayını 22-ə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pillədəkı yerini qoruyub. “Aston Villa” isə 11 xalla 12-ci yerdə qərarlaşıb. “Mançester Siti”nin çempionluq yolunda əzəli rəqibi sayılan “Liverpul” oktyabrın 27-də öz meydanında “Tottenhem” komandasını qəbul edəcək.
Xatırladaq ki, tura oktyabrın 25-də “Southemton”–“Lester Siti” oyunu ilə start verilib. Həmin oyunda İngiltərə Premyer Liqasının tarixində ən böyük səfər qələbəsi qeydə alınıb. Görüş Lester təmsilçisinin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

AZƏRTAC

Xəbər 979 dəfə oxundu.