«Qarabağ» qaldı Avropasız, Avropa - «Qarabağ»sız
Azarkeş isə - Avrokubok intizarı içində

Milli futbol mövsümündə son akkordu bu həftə keçiriləcək ölkə kubokunun final oyunu vuracaq. Amma çempionata artıq yekun vurulub. «Neftçi»nin çempionluğunun ardınca mükafatçılar da məlum olub.
Dramatik keçən həlledici oyun günündə prinsipcə əsas məsələ «İnter»lə «Qarabağ» arasında həll olunurdu. Qiyabi rəqabətdə bu rəqabətin taleyinə, adı çəkilən klublardan çox, onların rəqibləri aydınlıq gətirməli idilər. Son nöqtəni qoymaq üçün «Bakı»nın «İnter»ə qalib gəlməyi də yetərdi. Lakin bu baş vermədi. Üstəlik, «Qarabağ» da Lənkərandan başıaşağı qayıtdı. Beləcə, son 3 ildə ilk dəfə «Qarabağ» Avrokuboksuz qaldı. Elə həmin son 3 ilə nəzər salanda, aydın görərik ki, futbolumuz tarixində Ağasəlim Mircavadovlu «Neftçi»dən sonra ən ümidverici nəticələrin müəllifi olmuş «Qarabağ» Azərbaycan azarkeşini qarşıdakı Avropa kubokları mövsümündə şübhələr və intizar içində qoydu. Çünki hazırkı potensial və imkanlar, taktiki düşüncə tərzi ilə klublarımızdan hanısınınsa uğuruna əminliklə bel bağlamaq olmur. Hərçənd Ağdam klubu vəsiqə qazansaydı, azarkeş daha çox tələbkarlığı ilə seçiləcəkdi və hər şey də məhz «Qarabağ» ötən illərdə qoyduğu standartlarla ölçüləcəkdi. Beləcə, Avropa da Azərbaycan klublarının qitə miqyasında az-çox uğurlu adlandıra biləcəyimiz mərhələ aşırımlarında «Qarabağ»sız dünyasını sınağa çəkəcək.

Əslində, son turlara və ölkə kuboku uğrunda mübarizəyə nəzər salanda, Ağdam klubunun uğusuzluğu məntiqi adlandırıla bilər. Klub mövsümlük taleyi ilə «Bakı» ilə 3-oyunluq çempionat-kubok seriyasında oynamağa başladı, bu seriyada uduzdu və hər şeyi itirdi. Bunun səbəbini çox şeydə görmək olar. Təbii ki, son illərdə hər dəfə qeyd etdiyimiz oyunçu transferlərində buraxılan nöqsanlar bunun təməlində dayanır. Onsuz da əsas mövqelərə əcnəbiləri cəlb etmiş komanda, heç olmasa, son qış fasiləsində vəziyyəti dəyişmək üçün ciddi addım atmadı və son illər formalaşmış ansamblın daha güclü fərdlərlə möhkəmlənməsinə diqqət edilmədi.

Təbii ki, konkret mövqeyə görə müqayisə aparsaq, «İnter» də «Qarabağ»dan fərqlənməyən yol keçdi. Lakin fərq onda idi ki, «beynəlmiləlçilər» məntiqə görə, mövsümün ondan əvvəlki hissəsini daha sabit və mövsümdə ən güclü ritm, heyət və avazla keçmişdi. Bəzən elə görünürdü ki, komanda, yarışın hazırkı səviyyəsinə görə, meydana istənilən taktiki düzülüşlü heyət çıxara bilər. Mövsümün sonunda «bankçılar»ın rəqabətə tab gətirə bilməməsi, sadəcə, Avrokubokda iştirak baxımından siqnal olmalıdır. Çünki artıq əməli dəyişiklik edilməlidir. Hərçənd komandanın heyətinə qatmaq istədiyi və danışıqlar apardığı oyunçulara nəzər salanda, ciddiyyət hiss olunmur.

Qarşıdakı transfer günlərində böyük ümidlə gözlər Lənkərana dikilməlidir. Yunis Hüseynov «Karvan»dakı komanda quruculuğu prinsiplərini tətbiq edə bilsə, elə o uğurlara da çata biləcək. Hər şey transferlərdə gündəmə aydın olacaq. Çünki Yunis Hüseynovun oyunçu seçimindəki prinsipləri məlumdur və bu, cənublularda son illərdə baş verənlərlə heç uzlaşmır. Bu klubda Ağasəlim Mircavadov böyük çətinlik və maneələrlə üz-üzə qalmışdısa, Yunis Hüseynovun da daxili parçalanma zamanı iradəsinin gücünü göstərməsi günün əsas məsələsinə çevrilə bilər. Hər halda ümid edək ki, bu dəfə «Xəzər Lənkəran» qurduğu infrastruktura uyğun klub imicinə doğru ilk addımı məhz indi və yerli mütəxəssisin rəhbərliyi ilə atacaq.
«Neftçi» yenə Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Komanda böyük yolun astanasındadır və yubileyini layiqincə qeyd etmək üçün böyük şans qazanıb. Təbii ki, ötən illərdə hay-küylə şişirdilmiş transferlərə güvənməklə deyil, əməli oyunçu bazasına söykənsə, bu dəfə çox böyük yükü daşıya bilər. Bununla da vaxtilə «Qarabağ»a ötürdüyü Avropa uğurları seriyasını indi geri ala bilər. Bunun üçün «Bakı» ilə, çempionluğu dövründəkindən fərqli olaraq, artıq məşqçi kimi illəri saymış klubun sükançısı da həmin səhvləri təkrarlamamalıdır.

Təbii ki, bu söhbətə və mövzuya hələ qarşıdakı həftələrdə də qayıda biləcəyik. Hələ bir çox başqa məsələlərdən də söz açılmalıdır. Məsələn, futbolumuz tarixində ilk dəfə dalbadal ikinci dəfə ən məhsmuldar oyunçu əcnəbi oldu. Bahadır Nəsimovun bu ada alayarımçıq oyunu ilə yetişməsi isə mövsümün hücumçu problemlərindən və klublarımızın Avrokubok dilemmasından əyani xəbər verir. Üstəlik, hələ onu da nəzərə alaq ki, ən məhsuldarların onluğunda bir nəfər də olsa, yerli futbolçunun adı yoxdur. Ən yaxşı nəticəyə nail olmuş «neftçi» Rəşad Abdullayevin hesabında cəmi 7 qol var və üstəlik, o, hücumçu da dyeil.
Mövsümün yekunlarından söz düşmüşkən, ikinci «altılıq»dakı rəqabətin onsuz da məlum yekunundan danışmamaq olmaz. Reqlamentə görə, debütant «Sumqayıt» aşağı diviziona yuvarlanmalı, «Turan» həmin yarışda ikinci yeri tutmuş komanda ilə pley-offda qüvvəsini sınamalıdır. Lakin aparılan son lisenziyalaşdırma yoxlamasının tələblərinə cavab verməyən heç bir birinci divizion təmsilçisi elitaya yüksəlməyəcək və məsələ hələ ki, açıq sayılmalıdır. Qeyd edək ki, 65 xalla «Qaradağ-Lökbatan» o turnirin qalibi olub. Eyni – 55 xallı «Neftçala» 2-ci, Yevlax «Karvan»ı isə 3-cü yeri tutmuşdu.
Qaliblərdən söz düşmüşkən onu da əlavə edək ki, əvəzedicilərin yarışında da «Neftçi» fərqlənib və komandaya, əsas heyətlə yanaşı, mövsümün baş mükafatı təqdim olunub.

BATI YAR, «İdman» qəzeti

Xəbər 1175 dəfə oxundu.