“EYOF Bakı 2019”un qalibi dünya çempionatının yarımfinalına yüksəlib
İyulun 29-da Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

Birinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.

Güləşçimiz Cavid Cavadov (48 kq) dünya çempionatına inamlı qələbə ilə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə “tuşe” ilə qalib gəlib. Dörddəbir finalda güləşçimizin rəqibi Özbəkistan idmançısı olacaq.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən X Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və 1/4 finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub.

Cəbrayıl Hacıyev (65 kq) debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı rəqibinə də qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

Digər güləşçilərimiz Fərid Cabbarov (80 kq) və Hamlet Nəsibli (110 kq) ilk görüşdə məğlub olublar.


Xəbər 663 dəfə oxundu.