“Şahin” hərbi-idman oyunu üzrə Şahbuz rayon birinciliyinin qalibi müəyyənləşib
Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyunu üzrə Şahbuz rayon birinciliyinin qalibləri müəyyənləşib.

Şahbuz rayonundakı “N” saylı hərbi hissədə keçirilən birincilikdə 7 məktəbdən 98 şagird iştirak edib.

Birinciliyin açılış mərasimində Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi əvəzi İdris Qəhrəmanov, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Söhrab Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon bölməsinin əməkdaşı Məmməd Hüseynov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyəti haqqında şagirdlərə geniş məlumat verib, yarışın şərtlərini iştirakçıların diqqətinə çatdırıb və komandalara uğurlar arzulayıblar.

Hərbi-idman oyununda komandalar sıra hazırlığı, patronun darağa doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar. Gərgin və maraqlı keçən mübarizə nəticəsində Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası I, Biçənək kənd tam orta məktəbin komandası II, Kükü kənd tam orta məktəbin komandası isə III yerin qalibi olublar.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Qeyd edək ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Şahbuz rayonunu təmsil edəcək.

Xəbər 675 dəfə oxundu.