Rabitə işçilərinin “Sağlamlıq–2016” respublika spartakiadasında 16 komanda gücünü sınayır
Azərbaycanda rabitənin yaradılmasının 135 illiyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən rabitə işçilərinin “Sağlamlıq-2016” respublika spartakiadasının sentyabrın 24-də açılış mərasimi olub.

Mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov çıxış edərək ölkəmizdə rabitə sahəsində əldə olunan nailiyyətlərdən, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan danışıblar.

Çıxışlarda rabitəçilərin vaxtının səmərəli təşkili üçün spartakiadanın əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, spartakiada çərçivəsində rabitəçilər bir-biri ilə yaxından tanış olacaq, bu sahənin inkişafına töhfələrini verəcəklər. Ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Həmin mötəbər yarışda rabitə xidmətlərinin təşkili çox vacibdir. Buraya optik xətlərin çəkilişi, yarışların peyk vasitəsilə dünyanın istənilən ölkəsinə nümayiş olunması kimi vacib elementlər daxildir.

Beynəlxalq yarışların təkcə paytaxtda deyil, bölgələrdə də uğurla təşkil olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, hazırda regionlarda gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Bu, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi uğurlu idman siyasətinin nümunəsidir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra spartakiada açıq elan olunub. Tədbir konsert proqramı ilə davam edib.

Oktyabrın 30-da yekun vurulacaq spartakiadada 16 komanda idmanın 9 növü – atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini futbol, nərd, şahmat, dama və güllə atıcılığı üzrə mübarizə aparacaq.

Xəbər 731 dəfə oxundu.