“Avro-2016”: İngiltərə millisi son dəqiqədə Uels yığmasına qalib gəlib
İyunun 16-da - futbol üzrə XV Avropa çempionatının altıncı gününün ilk oyununda “B” qrupunda mübarizə aparan İngiltərə və Uels yığma komandaları qarşılaşıb.

Lens şəhərindəki “Bollar-Delelis” stadionunda keçirilən oyunu almaniyalı baş hakim Feliks Brix idarə edib.

Bu qrupun ilk matçında Uels yığması Slovakiyanı 2:1 hesabı ilə məğlub etmişdi. İngiltərə millisi isə Rusiya yığması qarşısındakı minimal hesablı üstünlüyünü son dəqiqədə əldən vermişdi – 1:1.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda ingilislər daha fəal olsalar da, hesabı uelslilər açıblar. Matçın 42-ci dəqiqəsində Uels yığmasının lideri Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Komandalar fasiləyə bu hesabla yollanıb.

Fasilədən sonra hücumlarının sayını və kəsərini daha da artıran ingilislər 56-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Uelsin cərimə meydançasına ötürülən topa müdafiəçilərin səhvindən istifadə edərək sahib olan Vardi topu dərhal qapıya göndərib – 1:1. Lakin bu da oyunda son nöqtə olmayıb. Əsas vaxta əlavə edilən 3 dəqiqəlik hissənin ikinci dəqiqəsində Starric ingilislərin qələbə qolunu vurub – 2:1. Bununla da ingilislər gərgin keçən matçda çətinliklə də olsa qalib gələ biliblər.

Qeyd edək ki, bu qrupun iyunun 15-də keçirilən digər oyununda Slovakiya yığması Rusiya millisini 2:1 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki turdan sonra “B” qrupuna 4 xalla İngiltərə millisi başçılıq edir. Hər birinin hesabında 3 xal olan Uels ikinci, Slovakiya isə üçüncü pillədə qərarlaşıb. Aktivində 1 xal olan Rusiya millisi isə qrupda sonuncu sıradadır.

Xəbər 779 dəfə oxundu.