Əjdər Cəfərov: "Güləşçilərimiz Londonda uğurlu çıxış etdilər"

"Londonda olimpiadaya hazırlıq məqsədi ilə güləş üzrə test yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər". İdman.com.az saytının məlumatına görə, bu sözü mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib. Olimpiya kateqoriyalı hakim bildirib ki, “Excel” Arenada keçirilən test xarakterli yarışlar zamanı güləş qaydalarına bəzi dəyişikliklər edilib. Gələn il keçiriləcək London Yay Olimpiya Oyunlarında güləş yarışları məhz bu arenada təşkil olunacaq. O həmçinin vurğulayıb ki, bundan sonra sərbəst güləş yarışlarında idmançıların heç biri xal qazanmadığı təqdirdə püşk atılan zaman qutudan çıxan göy və ya qırmızı rəngli şar yenidən qutuya deyil, kənara qoyulacaq. "Püşk zamanı qutuda 4 şar (2 qırmızı və 2 göy) olur. İlk püşkatmadan sonra qutuda 3 şar qalır ki, onlardan da ikisinin rəngi eyni olur. Bu da növbəti püşkatma zamanı digər idmançının da şansını artırır. Beynəlxalq Güləş Federasiyasının (FİLA) texniki komitəsinin belə bir qərar qəbul etməsinin əsas səbəbi ilk cəhddə püşkü üzünə gülən idmançı növbəti hissədə bəxtinin gətirməsinə inamın az olmasını düşünərək aktiv mübarizədən qaçmasın və daha fəal güləşsin".
Cəfərov digər dəyişikliyin isə yunan-Roma güləşi ilə bağlı olduğunu bildirib: "Bundan sonra görüş başlamazdan əvvəl idmançıların əllərindən biri digərinin qolunun altında, o biri əli isə rəqibin qolunun üstündə olmalıdır. Həmçinin, 1 dəqiqə 30 saniyə ərzində idmançılardan hər hansı biri ayaq üstə vəziyyətdən xal qazanarsa, o zaman qalan 30 saniyə ərzində parter vəziyyəti olmayacaq. Parterə yalnız 1 dəqiqə 30 saniyə ərzində ayaq üstə xal qazanılmayacağı təqdirdə müraciət olunacaq". Baş katibin sözlərinə görə, test yarışlarında sınaqdan keçirilən bu yeniliklərin gələn il yanvarın 26-28-də Rusiyada təşkil olunacaq FİLA büronun iclasında təsdiqlənəcəyi gözlənilir. Bu il dekabrın 22-25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək böyüklər arasında Azərbaycan çempionatında bu yeni sistem tətbiq olunacaq. Bununla əlaqədar olaraq 10 olimpiya kateqoriyalı hakim və 1 FİLA instruktoru ölkəmizə dəvət olunub.

Xəbər 1123 dəfə oxundu.