Paris Disneylendinin “ağır günlər”i

Və ya sonuncu günün sevinci: 5 lisenziya!
Avropada yeganə olan Disneylend şəhərciyi Parisin ətraf rayonlarından olan Marne de Ville inzibati bölgəsində yerləşir. Bura təkcə Fransanın deyil, həm də qonşu ölkələrdə yaşayan uşaqların ən sevimli və nəhəng əyləncə məkanıdır. Hər gün minlərlə uşaq, eləcə də onların valideynləri həvəslə bu şəhərciyə gəlir və gec saatlaradək vaxtlarını burada keçirirlər.

Fransa Ağır Atletika Federasiyasının noyabrın 5-dən 13-dək Parisdə keçirilən dünya çempionatını məhz Disneylenddə təşkil etməsi bir qədər qəribə görünsə də, hər halda onların əsas məqsədi bu məkanın təbliğinə yönəlmişdi.

Artıq bir çox idman növlərində dünya çempionatları çərçivəsində müvafiq beynəlxalq federasiyaların konqreslərinin təşkili ənənə halını alıb. Bu da, sözsüz ki, dünyanın hər yerindən gələn idman nümayəndə heyətlərinin bir arada olması fürsətinin həmişə ələ düşməməsindən irəli gəlir. Yəni, bir növ, “həm ziyarət, həm ticarət”.

Noyabrın 4-də, çempionatdan bir gün öncə Parisdə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) konqresi keçirildi. Azərbaycanı tədbirdə gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti İsmayıl İsmayılov və federasiyanın icraçı direktoru İsgəndər Əsgərov təmsil edirdilər.

İlk olaraq konqres iştirakçılarını salamlayan IWF prezidenti Tomaş Ayan gündəlikdəki məsələlər barədə məlumat verdi.
Federasiyanın baş katibinin, IWF komitə rəhbərlərinin hesabat çıxışlarından sonra bir sıra ölkələrdə keçiriləcək yarışlara hazırlıq barədə həmin ölkələrin təqdimatı keçirildi. Ardınca, London olimpiadasına hazırlıq, eləcə də olimpiya oyunları zamanı ağır atletika yarışlarının keçiriləcəyi məkan barədə xüsusi videoçarx nümayiş etdirildi.

Tədbirin gedişində növbəti dünya çempionatlarının keçirilmə məkanları da məlum oldu. Beləliklə, qarşıdakı 3 dünya çempionatı - 2013-cü ildə Varşavada (Polşa), 2014-cü ildə Astanada (Qazaxıstan), 2015-ci ildə Hyüstonda (ABŞ) təşkil ediləcək.
Yeniyetmələr arasında analoji yarış 2013-cü ildə Limada (Peru), 2014-cü ildə Sankt-Peterburq və ya Vladivostokda (Rusiya), 2015-ci ildə Varşavada (Polşa) keçiriləcək.

Gələnilki lisenziya xarakterli qitə çempionatlarının və təsnifat turnirlərinin məkanları da elan edildi: Avropada Antalya (Türkiyə), Afrikada Nayrobi (Keniya), Asiyada Pyonqtaek (Koreya), Amerikada Antiqua (Qvatemala) və Okeaniyada Apia şəhəri (Samoa) qitə çempionatlarına ev sahibliyi edəcəklər.

Konqresdə bir çox ölkələrin nümayəndələri çıxış edərək, hələ başlamamış çempionatın təşkilatçılığı ilə bağlı iradlarını da bildirdilər. Qeyd edək ki, qonaqların qeydiyyatı və yerləşdirilməsi məsələsində təşkilat komitəsinin tam hazır olmadığı üzə çıxmışdı. Bu da saatlarla gözləyən idmançıların, eləcə də bir sıra federasiya rəhbərlərinin narazılığına səbəb olmuşdu.

Yarışın sponsorlarından olan və idman inventarları istehsalı ilə məşğul olan “Eleiko” firmasının nümayəndəsi elan etdi ki, bunadək dünya çempionatlarında 999 rekord qeydə alınıb. Parisdə ilk rekord 1000-ci olacaq. Buna görə də, həmin nəticənin sahibinə firmanın istehsalı olan 3300 avroluq ştanq hədiyyə ediləcək. Hadisələri qabaqlayaraq qeyd edim ki, bu xoşbəxtlik Azərbaycan idmançısına nəsib oldu.

Konqresdə o da məlum oldu ki, Parisə gəlmələrinə baxmayaraq, Bolqarıstan, Kipr, CAR, Oman, Qətər, Syerra Leone, Şri Lanka idmançıları yarışa buraxılmayacaq. Bu da WADA-nın tələblərinə məhəl qoymayan bu ölkələrin milli federasiyalarının öz idmançılarının yerlərini dopinq testi üçün bildirməmələri ilə bağlıdır.
Konqres başa çatdıqdan sonra dünya çempionatının təntənəli aşılış mərasimi keçirildi.

Disneylenddə kişilərin yarışında 81 ölkədən 327 idmançı, qadınlarda isə 53 ölkədən 231 idmançı mübarizə aparırdı.
Azərbyan idmançılarının çıxışlarına gəlincə, ilk olaraq, noyabrın 5-də iki idmançımız mübarizəyə qoşuldu. Əvvəlcə 48 kq çəkidə Angelo Volkova “A” qrupunda yarışdı. 30 nəfərin mübarizə apardığı bu çəkidə idmançımız 75 kq birdən, 95 kq təkanla qaldıraraq, ümumi 170 kq nəticə ilə 8-ci oldu. Komandaya 18 xal qazandıra bildi.
Həmin gün komandanın əsas ümidi Valentin Xristov da yarışdı. 56 kq-da yarışan idmançımız 31 nəfər arasında dünya üçüncüsü oldu. 17 yaşlı Valentin birdən qaldırmada 122 kq, təkanla isə 154 kq çəkini ram etdi və ümumi 276 kq nəticə ilə bürünc medal qazandı.

V.Xristov bir kiçik medal da təkanla qaldırmada qazandı. Sevindirici haldır ki, 154 kq çəkini qaldırmaqla o, 1000-ci dünya rekordunun sahibi oldu. Bu ona “Eleiko” firmasının təsis etdiyi və dəyəri 3300 avro olan ştanq qazandırdı. Ən əsası isə, bu nəticə komandamızın lisenziya aktivinə 23 xal əlavə etdi. İdmançımıza medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov təqdim etdi.
Valentin yarışdan sonra keçirilən mətbuat konfransında bildirdi ki, Bolqarıstanda anadan olmasına baxmayaraq, məşqçisi ilə birlikdə Bakıya gəlməsindən və Azərbaycanın şərəfini qorumaqdan məmnundur. Çünki burada onlar üçün hər bir şərait yaradılıb. Və buna görə federasiya prezidenti Cahangir Əsgərova minnətdarlığını bildirdi. 11 yaşından ağırlıqqaldırma ilə məşğul olduğunu bildirən Valentin, 1000-ci dünya rekordunun onun həyatında ilk belə hadisə olduğunu vurğuladı.
Noyabrın 6-da qadınların yarışında ölkəmizi “A” qrupunda Boyanka Kostova (53 kq) təmsil edirdi. Birdən qaldırmada 92 kq, təkanla qaldırmada 108 kq nəticə göstərən Boyanka, ümumilikdə 200 kq çəki ilə 38 rəqibi arasında 8-ci oldu. Bu isə qadın komandamıza 20 xal qazandırdı.
Noyabrın 8-də eyni çəki dərəcəsində (69 kq) iki idmançımız yarışa qoşuldu. Sərdar Həsənov “A”, Əfqan Bayramov “B”, qrupunda qüvvələrini sınadılar. Sərdar (150 kq + 176 kq) 326 kq nəticə ilə 5-ci, Əfqan isə (138 kq + 178 kq) 316 kq-la 10-cu yeru tutdular. Bununla da iki idmançımız komandaya birlikdə 42 xal qazandırdılar.
Noyabrın 11-də dünya çempionatında iştirak edən hər üç idmançımız - Nailxan Nəbiyev, Namiq Cəmilov və İntiqam Zairov “B” qrupunda yarışırdılar.
36 idmançının yarışdığı 85 kq çəki dərəcəsində Namiq (157 kq + 192 kq) 349 kq-la 18-ci, Nailxan (153 kq + 186 kq) 339 kq nəticə ilə 23-cü oldular. Bu iki idmançının komandaya qazancı isə 11 xal oldu.
45 nəfərin mübarizə apardığı 94 kq çəkidə İntiqam Zairov (177 kq + 215 kq) 392 kq ram etməklə 9-cu oldu və komandaya sonuncu 17 xalı qazandırdı.

Çempionatın qaydalarına əsasən, hər ölkədən yalnız 6 idmançının çıxışı komandaya xal qazandıra bilərdi. Digər idmançılar isə lisenziya xalları deyil, yalnız medal uğrunda yarışa bilərdilər. Noyabrın 12-də, 105 kq çəkidə ölkəmizin şərəfini qoruyan Tornike Kokayanın iştirakı da formal xarakter daşıyırdı və onun uğurlu çıxışı yalnız medal qazanmaq ola bilərdi. O isə (157 kq + 200 kq) 357 kq nəticə ilə 19-cu yeri tutdu.
Azərbaycan idmançılarından, axırıncı olaraq, çempionatın sonuncu günündə xanım idmançımız Yuliya Dovqal (+75 kq, 28 iştirakçı) çıxış etdi. 263 kq (birdən - 118 kq, təkanla - 145 kq) nəticə ilə dünya 5-cisi olan Yuliya 21 xal əldə etsə də, ötənilki dünya çempionatında qazanılan xalların azlığı üzündən, qadın komandamız lisenziya verən 21 ölkə sırasına düşə bilmədi. Halbuki bu dəfə cəmi 3 idmançı ilə 59 xal qazanan komandamız, 16-cı pillədə yer alaraq, 3 lisenziya qazanan Ekvadordan da yaxşı nəticə göstərdi. Ümumilikdə, 3 xanım idmançımız qazandıqları xallara görə, lisenziya qazanan 6 ölkəni (üstəlik, həmin ölkələr 3 yox, 4 nəfərlə mübarizə aparırdı - red.) geridə qoydular. Amma hər halda, hələ də lisenziya qazanmağa imkan var. Bunun üçün gələn il aprelin 6-dan 16-dək Antalyada keçiriləcək qitə çempionatında qızlarımız uğurlu çıxış etməlidirlər. Nəzərə alsaq ki, son iki dünya çempionatının yekununa əsasən, lisenziya qazanmış Rusiya, Türkiyə, Belarus, Ukrayna, Polşa, Almaniya və Ermənistan qadınlarının çıxışı Antalyada formal xarakter daşıyacaq, onda qızlarımızın lisenziya imkanlarının daha yüksək olduğunu qeyd etməliyik.
Bununla da 93 xal toplayan kişilərdən ibarət Azərbaycan yığma komandası ümumi hesabda bu mundialın ən yaxşı 4-cü komandası oldu. Lakin ötən il Antalyada keçirilmiş dünya çempionatında qazandığı 69 xalla cəmləyəndə, ölkəmiz son iki dünya çempionatının nəticəsinə əsasən, 162 xalla 12-ci yeri tutdu. Bu isə London Olimpiadasına 5 lisenziya deməkdir.
Qeyd edək ki, əgər komandamız 4 xal az toplasaydı onda lisenziyalarımızın sayı 5 deyil, 4 olacaqdı. Bu isə o deməkdir ki, mundialda iştirak etmiş hər bir idmançımızın qazanılan lisenziyalarda zəhməti var. Sevindirici haldır ki, bütün idmançılarımız sifariş etdikləri çəkiləri ram edə bildilər.
Bir faktı da qeyd edim ki, sonuncu gün 2 Belarus idmançısı öz komandasına xal qazandıraraq, ölkəmizin 13-cü pilləyə düşüb 4 lisenziya ilə kifayətlənməsinə səbəb ola bilərdi. Xoşbəxtlikdən onlar bunu bacarmadılar.
Ümumilikdə isə, aşağıdakı ölkələr Parisdə Londona lisenziya qazana bildilər:
6 lisenziya - Çin, Rusiya, İran, Koreya, Polşa, Ukrayna;
5 lisenziya - Misir, Özbəkistan, Koreya Xalq Respublikası, Türkiyə, İndoneziya, Azərbaycan;
4 lisenziya - Qazaxıstan, Belarus, Kolumbiya, Kuba, Albaniya, Ermənistan;
3 lisenziya - Türkmənistan, Gürcüstan, Fransa, Rumıniya, Tailand, Almaniya.
Sonda onu da qeyd edim ki, dünya çempionatında ölkəmizi idmançılarla yanaşı, bir də, beynəlxalq dərəcəli hakim təmsil edirdi. Bu təcrübəli mütəxəssis, çempionatın 3 katibindən biri olan Vahid Nəzərov idi.

Xəbər 3472 dəfə oxundu.