Bakıda Yelkən Federasiyasının təşkilatçılığı və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dəstəyi ilə baş tutan "SFA Federasiya Kuboku 2024" yarışlarının qalibləri müəyyənləşib.
"Optimist", ILCA və "Windsurf" sinifləri üzrə özünü ən yaxşı tərəfdən göstərən idmançılar mükafatlara sahib çıxıb.
"Open Windsurf Dostluq Kuboku"nda Elnur İsgəndərov, "ILCA 4" sinfində Fidan Ağazadə, "Optimist Junior" (12 yaşlılar) və "Optimist"də Nərgiz Məmmədova birinci yeri tutub. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionatlarının qalibi olmuş Asxab Kalayev təqdim edib.
Mərasimdə “Optimist” üzrə dünya və “ILCA 4” üzrə Avropa çempionatlarında iştirak edən milli üzvlərinə, cari ildəki yay məktəbinin iştirakçılarına, komandaya yeni seçilən idmançılara, eləcə də "SFA Federasiyası Kuboku 2024"ün qaliblərinə kubok, diplom və sertifikatlar təqdim olunub.
Sonda 2023-cü ildə "SFA Federasiya Kuboku"nu qazanan idmançıların adları xatirə lövhəsinə yazılıb. Qeyd edək ki, sentyabrın 19-da start götürmüş "SFA Federasiya Kuboku" ənənəvi olaraq 7-ci il təşkil olunub.
|