İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında mükafat qazanan və qələbələrini Azərbaycana həsr edən türk idmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycana dəvət olunublar.
Nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda türk idmançıların qarşılanma mərasimi olub. Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və onların İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.
Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Həmçinin idman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar. Bu hadisə ilə bağlı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Beynəlxalq Ağır Atletika Federasiyasına və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasına bəyanat göndərib.
Qeyd edək ki, türk idmançılar yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmaqları, İstiqlal Marşını səsləndirmələri bütün Azərbaycan xalqını sevindirmişdi.
|