Aprelin 9-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında start götürən ağır atletika üzrə Azərbaycan çempionatı bu gün başa çatıb.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.
Kişilər arasında çempionatın sonunda 89, 96, 102, 109 kiloqrama qədər və 109 kiloqramdan yuxarı idmançılar güclərini sınayıblar. Bu çəkilərdə, müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əli Şükürlü, Dadaş Dadaşbəyli və Rəhman Kazımov qızıl medala sahib çıxıblar. Qızıl medal qazananlar arasında 109 kiloqram çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən-birə üç Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə imza atıb. Atlet birdən qaldırma hərəkətində 170 (bundan əvvəl 165), təkanla qaldırmada isə 203 (bundan əvvəl 202) kiloqramın öhdəsindən gələrək yeni rekord qazanıb. Bununla yanaşı, toplam 373 kiloqram (170+203) nəticə toplayan idmançı bu günə qədər mövcud olan rekordu (bundan əvvəl 367) yeniləyib.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
|