Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Çempionatın ikinci günündə - aprelin 10-da ilk olaraq kişilər arasında 73 kiloqram çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Toplam 297 kiloqram (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb. Nurlan Məmmədzadə (286 kq, 126+160) yarışı ikinci, Ömər Cavadov isə (285 kq, 130+155) üçüncü pillədə başa vurublar.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
|