Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında qadınlar arasında sinkler cədvəli üzrə mütləq qalib və mükafatçılar müəyyənləşib.
Anastasiya Moum (MOİK) birdən qaldırmada 83, təkanla qaldırmada 104 kiloqramın öhdəsindən gələrək 231 xalla qalib adına layiq görülüb. Onun komanda yoldaşı Nazilə İsmayılova 230 xalla gümüş, Elnarə Abbasova (“Zirvə”) 214 xalla bürünc medal qazanıblar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparır.
Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin olunmasıdır.
Yarış iki gün davam edəcək.
|