|
|
Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir |
|
Tarix: 01.12.2020 | Saat: 06:00:00 | E-mail | Çapa göndər
|
|
Səkinə Novruzqızı | miss.sekine@mail.ru
Azərbaycan müstəqil bir ölkə olaraq tarixin ağır sınaqlarından çıxıb. Ölkəmiz müxtəlif dövrlərdə işğala, soyqırıma, faciələrə məruz qalıb. Sözsüz ki, bütün hallarda xalqımız öz qəhrəmanlığını, öz vətəninə, dövlətinə sədaqətini sübut edib.
Suverenliyimizin, qüdrətli Azərbaycanın var olması üçün işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan şəhidlərimizin şücaəti gələcək nəsillərə örnək olacaq, daim qəlblərdə yaşayacaq.
Torpaqlarımızın düşməndən azad edilməsində iştirak edən qəhrəmanlarımız arasında idmançılar, idman ictimaiyyətinin nümayəndələri də az deyil. Onlar əsl vətənpərvərlik göstərərək düşmənə qarşı igidliklə döyüşdülər. Aralarında şəhidlik zirvəsinə yüksələnlər də oldu. Onlardan biri də Lənkəran şəhər Uşaq-Gənclər və İdman Məktəbinin direktoru 31 yaşlı Vüsal Kazımovdur.
Vüsal Kazımov Lənkəran Dövlət Universitetində ali təhsil aldıqdan sonra bir müddət N saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışıb. Sonradan həqiqi hərbi xidmət müddəti başa çatdığı üçün rayona ailəsinin yanına qayıdıb. 2018-ci ildən Lənkəran Şəhər Gənclər və İdman İdarəsində işləməyə başlayıb. Vətənpərvərlik hisslərinin gənc nəsildə aşılanmasında mühüm xidmətləri olub. Qısa müddət ərzində ona böyük etimad göstərilərək Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinə direktor təyin edilib.
Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılıb və müharibə başlayan kimi orduya çağırılıb. Böyük Vətən müharibəsində Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərinin erməni işğalçılarından azad edilməsində böyük qəhrəmanlıq və şücaət göstərmiş Azərbaycan Ordusunun (Quru qoşunları) baş leytenantı Vüsal Kazımov Daşaltı və Şuşa əməliyyatlarında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Bu gün qəhrəman şəhidimiz Vüsal Kazımovla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə, canından keçən şəhidlərimizin igidliyi milyonların qəlbində əbədi yaşayacaq.
Ondan geriyə xatirələrdə hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də Vətən əmanəti Nuray və Aynur adlı iki qız övladı qalıb. Şəhidimiz noyabrın 29-da Lənkəranın Yuxarı Nüvədi kənd qəbirstanlığında böyük izdihamla dəfn edilib.
Səkinə NOVRUZQIZI
|
|
|
|
Xəbər 649 dəfə oxundu
|
Müəllifin son yazıları
|
|
|
|
|