Noyabrın 13-də Bakıda Lord David Çarlz Evansın müəllifi olduğu “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunlarında uğur qazanmış idmançılarımız iştirak ediblər.
Mərasimi açan SOCAR-ın vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə son illərdə Azərbaycanın sürətli inkişafı, yenilikçi ideyaları, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanındığını diqqətə çatdırdı. O, Azərbaycanda keçirilən tədbirlərin kəmiyyəti, keyfiyyəti, unikallığı və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyini vurğuladı. Bildirdi ki, bu tədbirlərdən ən mühümü dünya idman tarixinə qızıl hərflərlə yazılmış birinci Avropa Oyunlarıdır. Bu, Oyunlar dünya tarixində ilk dəfə məhz Azərbaycanda təşkil olundu. Azərbaycan Prezidentinin də dediyi kimi, bu Oyunların standartı yox idi. Avropa Oyunları ilk dəfə məhz Azərbaycanda keçirildi və bütün dünyaya örnək oldu.
R.Hüseynzadə Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə bu idman hadisəsinin bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu qeyd etdi. Bildirdi ki, bu Oyunlarla ölkəmiz zəngin mədəniyyətini, qonaqpərvərliyini, dinamik inkişafını bütün dünyaya nümayiş etdirdi.
Diqqətə çatdırıldı ki, Azərbaycanın və dünya idmanının tarixində böyük tarixi hadisə olan birinci Avropa Oyunları ilə bağlı belə kitabın hazırlanması zərurəti ortaya çıxanda bu mühüm missiyanı ölkəmizə dəfələrlə səfər edən, Azərbaycana heyran olan Lord Evans öz üzərinə götürdü.
Nəşr haqqında məlumat verən R.Hüseynzadə dedi ki, kitabda birinci Avropa Oyunlarının günbəgün icmalı, yarışlar haqqında məlumatlarla yanaşı, Azərbaycanın qədim tarixi, zəngin milli mətbəxi, musiqisi, mədəniyyəti haqqında ətraflı söhbət açılır.
R.Hüseynzadə kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, o cümlədən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Lord Evansa və digər şəxslərə minnətdarlığını bildirdi, nəşrin ölkəmizin dünyada geniş təbliği baxımından əhəmiyyətini vurğuladı.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirildi.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrel, Lord Evans və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdilər.
SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadənin və Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord David Evansın həmrəhbərliyi ilə ərsəyə gələn kitab dünya idman tarixində ilk dəfə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunub. Kitabda birinci Avropa Oyunlarının günbəgün icmalı, yarışlar haqqında, bu yarışların keçirildiyi yerlər haqqında ətraflı məlumatla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti barədə oxuculara konkret və lakonik informasiya çatdırılır. İngilis dilində nəşr olunmuş kitab yalnız birinci Avropa Oyunlarının deyil, bütövlükdə Azərbaycanın xaricdə təbliği baxımından gözəl vasitədir.
Nəşrin növbəti təqdimatının noyabrın 10-da Böyük Britaniyada keçirilməsi nəzərdə tutulub.
AZERTAC
1447409566353863984_1000x66.gif
|