Veloparkda Milli Qurtuluş Gününə velosiped yarışları keçirildi | |
Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirildi. İdman.com.az saytı xəbər verir ki, tədbirə 500 nəfərdən çox velosipedçi qatıldı. Əvvəlcə 7-12 yaş arası uşaqlar arasında vaxt ilə fərdi ötüşmə baş tutdu. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsində qüvvələrini sınadılar. Daha sonra həvəskar velosipedçilərin fərdi ötüşmə ilə bayk (mountain bike) və şosse yarışması keçirildi. Amma bu, son olmadı. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilmiş rəqabətdə 15 yaşlı uşaqlar (U-15), gənclər (U-17) və elit qruplar (U-23) da mübarizəyə qatıldılar. U-15 qrupuna daxil olan idmançılar 5.5 km, gənclər qrupu 15.5 km, elit qrup isə 29.6 km məsafə qət etdilər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Qeyd edək ki, yeni yaradılmış Velopark ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış yaşıllıq ərazidə yaradılıb. Parkın ərazisində ciddi yenidənqurma işləri aparılıb, burada 20 minə yaxın Eldar şamı, sərv, müxtəlif bəzək ağacları və kollar əkilib. Bağda köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanıb, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün xüsusi yollar çəkilib. Velopark həm peşəkar velosiped yarışlarının, həm də təlim-məşq toplantılarının keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi aktiv istirahətlə məşğul olması üçün hər cür şəraitə malikdir. Parkın salınması ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və populyarlaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin tərkib hissəsi olmaqla, eyni zamanda, paytaxtın əsas girişlərindən biri olan Salyan şosesinin ətrafına təmamilə yeni bir görkəm verib. Velosiped idmanının ölkəmizin peşəkar idman növləri arasında yer almasının daha bir göstəricisi bu yaxınlarda Azərbaycanın ilk peşəkar velosiped komandasının - "Synergy Baku Cycling Project" - yaradılması olub. Məqsəd ölkəmizin ilk peşəkar klubunu formalaşdırmaqla beynəlxalq yarşlarda iştirak etmək, bununla da ölkəmizdə velosiped idman növünə marağın artırılmasına nail olmaqdır. Komandamız artıq beynəlxalq yarışlarda uğurlu nəticələr də göstərib. |
|
Xəbər 1181 dəfə oxundu. |
|
|