Qadınlar üçün idman festivalı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, həmçinin Təhsil Şöbəsinin dəstəyi ilə Gəncə Olimpiya Kompleksində “İdman qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi çərçivəsində oyun festivalı təşkil edib.
Festivalda Milli Olimpiya Komitəsinin, Gəncə Şəhər Gənclər və İdman, Təhsil və aidiyyəti digər idarə və təşkilatların, idman federasiyalarının nümayəndələri iştirak ediblər.
www.idman.com.az AzərTAc-a istinadən xəbər verir ki, layihə Beynəlxalq və Avropa Olimpiya komitələrinin, həmçinin “Bakcell” və Coca-Cola şirkətlərinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir. Sosial inkişaf yönümlü layihələrin hazırlanması və icrası sahəsində ixtisaslaşan “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi layihənin əsas icraçı tərəfdaşıdır.
Əsasən şən, inklüziv və təhlükəsiz idman hərəkətlərindən ibarət oyun festivalı “Sosial Xidmətlər Təşəbbüsü” və Milli Olimpiya Komitəsindən olan mütəxəssislərin köməyi ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli, Mehdi Mehdizadə adına 4 nömrəli və İsrafil Məmmədov adına 27 nömrəli orta ümumtəhsil məktəblərindən olan fiziki tərbiyə müəllimləri tərəfindən tərtib edilib. Festivalın əsas məqsədi olimpiya hərəkatı və olimpiya dəyərlərini təşviq etmək, o cümlədən oyunların ruhlandırıcı gücündən istifadə etməklə insanları, xüsusilə qadın və qızları idman və bədən tərbiyəsindən kütləvi, mütəmadi istifadə etməyə həvəsləndirməkdir.
Festivalı giriş sözü ilə açan Gəncə Şəhər Gənclər və İdman İdarəsi rəisinin əvəzi Mahir Hüseynov belə tədbirlərin xüsusi əhəmiyyətini vurğulayaraq, bunun uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığını söyləyib. Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev hazırda dünyada geniş vüsət alan və sürətlə inkişaf etməkdə olan olimpiya hərəkatından və olimpiya dəyərlərindən danışıb. Layihənin əlaqələndiricisi Mehman Kərimov layihənin yaranma tarixçəsi, bunu zəruri edən amillər və layihənin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Sonra meydançaya 39, 27 və 4 nömrəli məktəblərin şagirdlərindən ibarət komandalar dəvət olunublar. Şən, inklüziv və təhlükəsiz oyunlardan ibarət hər bir nömrə olimpiya idman növləri (futbol, tennis, basketbol və s.) əsasında hazırlanıb.
Sonda məktəbliləri Milli Olimpiya Komitəsi adından təltif edən V.Əliyev bu yarışda idman və dostluğun qalib gəldiyini bildirib.

Xəbər 1828 dəfə oxundu.