«Böyük Qafqaz» veloyürüşü start götürdü

Ulu öndər Heydər Əliyevin xatirəsinə «Böyük Qafqaz» beynəlxalq velosiped turniri start götürüb. Yarışda Azərbaycan, Litva, Gürcüstan və İranın 1993-94-cü il təvəllüdlü yeniyetmə idmançıları iştirak edirlər. Yürüş Bakıdan başlayıb, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkidən kecərək, Zaqatalada tamamlanacaq.
Yürüşün startı mayın 10-da Bakıda, Əzizbəyov heykəlinin yanından verilib.
Ötən həftə bu turnirlə bağlı mətbuat konfransı təşkil edilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dedi ki, sözü gedən yarış gələcəkdə ölkəmizdə velosiped idmanının kütləviliyinin artmasına böyük təsir göstərəcək. Çünki turnir yeniyetmələr arasında təşkil olunub. Onun mükafat fondu 6200 dollardır. Veloyürüş iştirakçıları üçün hər bir şərait yaradılıb.
İ.İsmayılov Gənclər və İdman Nazirliyinin bu idman növü üzrə yarışlara və təlim-məşq toplantılarına lazımi dəstək verdiyini bildirib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarına velosiped idmanı növündə də lisenziya qazanılmasının planlaşdırıldığını vurğuladı:
- Hazırda dünyada velosiped idmanı növündə rəqabət yüksək səviyyədədir. Ötən il qadın velosipedçimiz Yelena Çalıx dünya kubokunda mükafata layiq yer tutub. Çalışacağıq ki, London olimpiadasında da bu növdə təmsil olunaq. Ümumiyyətlə, ölkəmizdə idman sürətlə inkişaf edir. Aparıcı idman ölkələrinin mütəxəssisləri hazırda Azərbaycanın qısa zamanda necə dinamik inkişafa nail olmasını tədqiq edirlər.
İdmançılarımızın ölkədaxili və xaricdə təlim-məşq toplanışları yüksək səviyyədə təşkil olunur. İndi unudulmuş idman növlərinin dirçəldilməsi yönündə iş aparılır. Yollarımızın sürətlə yaxşılaşdırıdması gələcəkdə velosiped idmanının inkişafına da təkan verəcək.

Xəbər 1910 dəfə oxundu.