Bakı qran-pirsində 1 «qızıl», 1 «gümüş», 1 «bürünc» | |
Mayın 6-dan 8-dək «Sərhədçi» idman kompleksində cüdo üzrə qran-piri turniri keçirilib.
London Olimpiadasına lisenziya qazanmaq üçün reytinq xallarının tutarlı şəkildə artımına şans verən turnirdə meydan sahibləri 33 idmançı ilə çıxış edirdi. Ümumilikdə isə yarışda 50 ölkədən 342 idmançı iştirak edirdi. Əgər Elnur Məmmədlinin yarışda çıxış etməyəcəyi hələ İstanbulda Avropa çempionatından sonra məlum idisə, Elmar Qasımovun turnirərəfəsi məşqlərdə aldığı zədəyə görə yarışda iştirak etmək imkanını itirməsi təəssüf doğurur. Komandamızın qızıl medal sevinci Kifayət Qasımovadan (57 kq) gəldi. Cüdoçumuz ilk görüşdə ona tanış olmayan, ilk dəfə üz-üzə gəldiyi hollandiyalı Şarin Riçardsonu məğlub etdi (ippon), sonrakı dövrədə alman Hanna Bryuek üzərində qələbə də təmiz oldu. 1/8 finalda idmançımız 2000-ci ilin olimpiya çempionu ispaniyalı İzabell Fernandeslə qarşılaşdı. Bu döyüş çox çəkmədi. Birinci dəqiqə başa çatmamış olimpiya çempionu cüdoçumuzun ippon fəndinə düşdü. Yarımfinalda macar Hedviq Karakas da ipponla təslim edildi. Finalda Kifayət çinli Hyu Vanqa qalib gəldi. Bununla idmançımız reytinq hesabına 200 xal əlavə etdi. Digər 8 qadın iştirakçımızın hamısı, o cümlədən Tokioda dünya çempionatından sonra səsi-səmiri gəlməyən Ramilə Yusubova (63) elə ilk görüşdə məğlubiyyət acısını daddılar. Dördillik məcburi fasilədən sonra ikinci böyük yarışına çıxan Nicat Şıxəlizadənin (60 k) startı uğuru oldu. İlk görüşdə Nicat Rusiya idmançısı Yevgeni Kudyakova ipponla qalib gəldi. İkinci dövrədə monqolustanlı Boldbater Çimed-Yondonla gərgin mübarizənin əsas hissəsi nəticəsiz bitdi. Əlavə vaxtda isə rəqib idmançımızı ippon fəndinə sala bildi. Bu çəkidə mübarizə aparan Vüqar Şirinli də bir qələbə sevinci yaşadı. İkinci dövrədən sonra o da mübarizəni dayandırdı. Gənclər arasında Avropa və dünya birinciliklərinin finalçısı, Bakıda keçirilən «World Masters» turnirinin bürünc mükafatçısı İlqar Müşkiyev (66 kq) mübarizəyə ikinci dövrədən qoşuldu və isveçrəli Mixael İtenə ipponla qalib gəldi. Amma sonrakı mərhələdə gürcü Amiran Papinaşvili onu sonrakı mərhələyə keçməyə qoymadı. 66 kq çəki dərəcəsinin nümayəndələri, bir ay əvvəl Avropa çempionatında gümüş medal sahibi olmuş Tərlan Kərimov, Samir Dadaşzadə, Emil Həsənov və Rüstəm Orucov da mübarizəni ikinci görüşdə dayandırmalı oldular. 73 kq-da Renat Mirzəliyevin ilk görüşü uğursuz nəticələndi. Ümumiyyətlə, bu çəkidə çıxış edən 4 idmançımızdan ancaq Ramil Qasımov bir görüş uda bildi. Dünya çempionatındakı bürünc medalının 10 illiyini bu il qeyd edəcək Elxan Rəcəbli (81 kq) bu turnirdə finala kimi gəlib çatdı. Burada isə olimpiya çempionu alman Ole Bişof onu gümüş medalla kifayətlənməyə məcbur etdi. Çəkinin ikinci təmsilçisi Rüstəm Alimli ilk görüşdə latviyalı Konstantin Ovçinnikova qalib gəldikdən sonra, ikinci dövrədə italiyalı Antonio Kyanoya məğlub odu. Bu çəkidə dörd cüdoçumuz çıxış edirdi. Seymur Rzazadə ikinci dövrəyə çıxa bildi. Amma Tural Səfiquliyev elə startda büdrədi. Ötən ay İstanbulda keçirilmiş Avropa çempionatından əliboş qayıdan Elxan Məmmədov bu turnirdə pərəstişkarlarının bəraətini qazanmalı idi. Doğma tatami üzərində Elxan üçün bunu etmək çətin deyil. Reytinq cədvəlində ən yaxşı mövqeyə malik olan cüdoçumuz yarımfinala kimi bütün rəqibləri üzərində layiqli qələbə qazandı. Yarımfinalda rusiyalı Kirill Voposovla görüşdə isə iki xəbərdarlıq alıb, tatamini tərk etdi. Buna qədər o, rus cüdoçusu Ramin Qurbanovu yarışdan kənarlaşdırmışdı. Turnir bu dəfə bir qədər başqa sistemlə keçirilirdi. Təsəlliverci görüşlər verilmirdi. Yarımfinalda məğlub olan cüdoçu bürünc medal sahibi olurdu. Elxan da turniri bürünclə başa vurdu. Yuxarı çəkilərdə çıxış edən bütün idmançılarımız ilk görüşdən sonra bir daha tatami üzərinə çıxmaq şansını itirdilər. Beləliklə, Azərbaycan komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qran-pri turnirini 3 medalla (qızıl, gümüş, bürünc) 5-ci yerdə başa vurdu. Birinci yeri özbək cüdoçuları (2 qızıl, 2 gümüş), ikinci yeri Rusiya (2 qızıl, 1 gümüş, 1 bürünc), üçüncü yeri Hollandiya komandası tutdu (2 qızıl, 6 bürünc). Ə.FƏRƏCOV |
|
Xəbər 3533 dəfə oxundu. |
|
|