Bakı motosikletçiləri Tiflis yoluna çıxacaqlar | |
Bütün çətinliklərə baxmayaraq Azərbaycan Motosikl Federasiyası ölkədə bu mürəkkəb, böyük vəsait tələb edən idman növünün inkişafı üçün bacardığını edir. Hələ ki motosikl idman növündə inkişafın cücərtiləri Bakı və Sumqayıt şəhərlərində görünməkdədir. Bu yaxında Sumqayıtda təşkil olunan şəhər birinciliyi bir daha göstərdi ki, lazımi dəstək olarsa, yarandığı gündən gənclik şəhəri kimi tanınan Sumqayıtda bu idman növünə marağı daha da artırmaq mümkündür. Ötən həftə isə belə bir yarış paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib. Yarışda 3 sinif motosiklləri üzrə federasiyanın, «Ümid», «Alfomarin», «Yamaxa» klublarının 25 idmançısı iştirak edib. 125 kubmetrdə Namiq Mustafayev («Ümid») qalib gəlib. «Yamaxa» klubundan olan Vaqif Əhmədov həcmi 250 kubsantimetr olan motosikllərdə birinci olub. Yeniyetmə idmançılar isə 50 kubsantimetrlik maşınlarda yarışıblar. Burada Amerika vətəndaşı olan «bakılı balası» Rivald Barnius qalib gəlib. Rivard Bakıda anadan olub, atası Bakıdakı ABŞ firmasında çalışır. Motosikl idmanına böyük həvəsi var. Texnikanın məhdud olması kvadratasikl üzrə yarışları siniflər üzrə keçirmək mümkün olmur. Burada mübarizə «open klass» formatında gedir. Yəni, mühərrikinin həcmindən asılı olmayaraq bütün iştirak etmək istəyənlər yarışa qoşula bilərlər. Bu təkbətək idman növlərində mütləq çəki dərəcəsində keçirilən mübarizələri xatırladır. Əlbəttə, mühərrikinin həcmi 200 kub sm olan maşın üçün 1000 kub sm olan maşınla mübarizə aparmaq çətindir. Amma Azərbaycan Motosikl Federasiyasının prezidenti Kür Səfərəliyev bu məsələni belə izah etdi ki, çox şey sürücünün maşını idarə etmək ustalığından asılıdır. Düz yolda mühərriki güclü olan kvadratasikl, əlbəttə, özünü çox yaxşı hiss edəcək və ona çatmaq gücü aşağı olan maşınlar üçün müşkül məsələyə çevriləcək. Amma müxtəlif manevrlərin yerinə yetirilməsində, məsələn döngəyə girib, orada çıxmaqda «zəif»lər daha çevikdirlər. Məhz bu məqamlarla üstünlüklər arasında tarazlıq yaratmaq mümkün olur. Kvadratasikllərin mübarizəsində Gündüz İsmayılov («Alfomarin”) qalib gəldi. Bu ayın axırı Bakı motosikletçiləri Gürcüstana yerli idmançılarla yoldaşlıq yarışına yollanacaqlar. Tiflisdə keçiriləcək bu yarışın daha çox iştirakçısı olacağına da güman var. Ə.FƏRƏCOV |
|
Xəbər 2409 dəfə oxundu. |
|
|