Serbiyada mini-futbol turniri keçirilib
Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, paytaxt Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin iştirakı ilə bu şəhərdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilib.
Turnirdə Serbiyanın tanınmış futbol məktəblərini təmsil edən 8-10 yaşlı uşaqlardan ibarət Belqradın “Tsrvena zvezda”, “Partizan”, “Triumf”, “Foot”, Qornı Milanovats, Novi Pazova, Subotitsa və Maçvanska Mitrovitsa şəhərlərinin “Metalats”, “Curkoviç”, “Spartak” və “Srem-Dadeks” komandaları mübarizə aparıblar.
Turnirin rəsmi açılış mərasimində Serbiyanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış idmançılar, ictimaiyyətin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiyada, yaşayan və təhsil alan azərbaycanlılar, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs etmişdir. O, son illərdə Azərbaycan idmançılarının dünyada qazandıqları uğurlardan danışaraq, bu nailiyyətlərin arxasında ümummilli liderimiz tərəfindən müəyyən edilmiş uzaqgörən gənclər və idman siyasətinin dayandığını vurğulamışdır. Tədbirdə Azərbaycan gənclərinin və idmançılarının yüksək dövlət qayğısı ilə əhatə olunduqları bildirilmiş, Ulu Öndərin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. C.Məcidov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə turnir iştirakçılarına minnətdarlığını bildirib.
Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirildikdən sonra yarışa start verilib.
Turnirin qalibi Subotitsa şəhərinin “Spartak” komandası olub. Belqradın “Tsrvena zvezda”, “Triumf” və “Partizan” komandaları müvafiq olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutublar.

Qaliblər xüsusi olaraq hazırlanmış və üzərində ümummilli lider Heydər Əliyevin şəkli əks olunmuş kubok, medal və diplomlarla təltif ediliblər.
Turnir Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında geniş işıqlandırılıb.

Xəbər 813 dəfə oxundu.