Bakıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Bu il də əlamətdar gün təntənə yadda qaldı.
Həmin gün əvvəlcə idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Ardınca “Azneft dairəsi”ndə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idmançıların marş paradı keçirilib.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman federasiyalarının nümayəndələri, Olimpiya çempionları, idmançılar və ictimaiyyət nümayəndələri müşayiət ediblər.
Şəhər sakinlərin tərəfindən çox böyük maraqla qarşılanan parad Dənizkənarı Milli Parkda musiqiçilərin və rəqs qrupların iştirakı ilə maraqlı musiqili konsert proqramı ilə davam edib. Tanınmış incəsənət ustalarının iştirakı keçirilmiş konsert proqramı paytaxt sakinləri tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Bədən Tərbiyəsi və İdman Günü tədbirlərinə həmin günün sonunda “Yaxt klub”da idmançılar və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi ilə yekun vurulub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar.
Bildiriblər ki, Prezident İlham Əliyevin 2004-cü il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-də ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyinə və idmanına daim böyük dəstək verən Prezident İlham Əliyev ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra fərmanlar, sərəncamlar və dövlət proqramları imzalayıb. Gənc nəslin sağlam ruhda tərbiyə olunması, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, Olimpiya Hərəkatının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilib.
Bayram tədbirində Azərbaycan idmanın inkişafında xüsusi xidməti olan veteranlar mükafatlandırılmış, idman işçiləri fəxri adlarla təltif ediliblər.
Tədbir konsert proqramı ilə davam edib.

Xəbər 1778 dəfə oxundu.