UNESCO və Azərbaycan arasında razılaşma sənədi imzalanıb
UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə təşkilat arasında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə İclasının bu il martın 13-dən 15-dək Bakı şəhərində keçirilməsinə dair razılaşma sənədinin imzalanması mərasimi olub.

Görüşdə Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Atif Qəmbərov, ölkəmizin UNESCO-dakı nümayəndəliyinin əməkdaşlarından Anar Kərimov və Eldar Məmmədov, qurumun baş direktorunun beynəlxalq əlaqələr və ictimai məlumat üzrə köməkçisi Eric Falt, baş direktorun sosial və humanitar elmlər üzrə köməkçisi Pilar Alvarez iştirak ediblər.

Eric Falt Azərbaycanın mötəbər tədbirə ev sahibliyi etməsindən çox məmnun olduğunu bildirib, Gənclər və İdman Nazirliyinin bu sahədə göstərdiyi köməyi yüksək qiymətləndirib.

Nazir müavini İsmayıl İsmayılov UNESCO ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini xatırladıb, ölkəmizdə mühüm layihələrin həyata keçirilməsində təşkilatın rolundan bəhs edib, hökumətlərarası komitənin fövqəladə iclasının uğurlu keçməsi üçün nazirlik tərəfindən bütün lazımi kömək göstəriləcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə UNESCO arasında razılaşma sənədİ imzalanıb.

AzərTAc

Xəbər 1389 dəfə oxundu.