Boks üzrə Azərbaycan çempionatı davam edir | |
“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə çəkisi 49, 52, 60, 64, 69 və 81 kiloqram olan boksçular rinqə çıxmışlar. Ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olmuş Elnur Şəfizadə (49 kq) gözlənilmədən məğlubiyyətlə üzləşmişdir. O, “Qızıl əlcək” klubunun üzvü Araz İmaməliyevə uduzmuşdur. Çempionatda 52 kiloqram çəki dərəcəsində favoritlərdən hesab olunan Tural Əhmədov da növbəti mərhələyə vəsiqə qazanmışdır. Milli komandamızın üzvü tam üstünlüklə Ağdam boksçusu Xətai Əliheydərovu məğlub etmişdir. 2011-ci ildə tələbələr arasında Avropa çempionatının bürünc mükafatçısı olmuş Kamran Məlikov (52 kq) isə Əfsun Həsənovla döyüşdən qalib ayrılmışdır. Kamran Baxşəliyev də (60 kq) ölkə çempionatında ilk görüşünü qələbə ilə başa vurmuşdur. O, Aqil Quliyev üzərində qələbə qazanmışdır. Bu çəki dərəcəsinin favoritlərindən hesab olunan Şaban Şahpələngov da ilk mərhələni çətinlik çəkmədən keçmişdir. Gənclər arasında dünya birinciliyinin qalibi Mingəçevir nümayəndəsi Emin Binnətəliyevi tam üstünlüklə məğlub etmişdir. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) ikinci döyüşünü də qələbə ilə başa vurmuşdur. O, milli komandamızın lideri Nurlan Məmmədovu məğlub etmişdir. Romal Amanov (64 kq) da ikinci mərhələni uğurla başa vurmuşdur. R.Amanov 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı “Rabitə” İdman Cəmiyyətinin üzvü Salman İbrahimovu yarışdan kənarlaşdırmışdır. Yarışda 69 kiloqram çəki dərəcəsində qələbəyə namizədlərdən hesab olunan Qismət Eynullayev Tamerlan Məmmədov üzərində qələbə qazanmışdır. Yarışa yanvarın 12-də yekun vurulacaqdır. AzərTAc |
|
Xəbər 1230 dəfə oxundu. |
|
|