Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilir | |
Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) növbəti konqresi keçirilir. “Marriott” otelində təşkil olunan konqresə dünyanın 88 ölkəsindən 200-dək nümayəndə qatılıb. Açılış mərasimində çıxış edən BAAF-nin prezidenti Tomaş Ayan cari ildə keçirilmiş London Yay Olimpiya Oyunlarında idmanın bu növünün uğurla təmsil olunduğunu bildirib. O qeyd edib ki, Olimpiya Oyunlarında 84 ölkədən 252 ağır atlet birincilik uğrunda mübarizə aparıb. Bu idman növünü izləyən tamaşaçıların sayı isə digərlərindən çox olub. Həmçinin, Londonda 33 olimpiya, 11 dünya və 1 gənclər arasında dünya rekordu yenilənib. Tomaş Ayan vurğulayıb ki, 2 gün davam edəcək konqresdə BAAF-nin nizamnaməsi və texniki qaydaları müzakirə olunacaq, idmanın bu növündə tətbiq olunacaq dəyişikliklər ətrafında fikir mübadiləsi aparılacaq və anti-dopinq siyasətinin təkmilləşdirilməsi istiqamətində mühazirələr dinləniləcək. 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı qərarın qəbul edilməsinə görə xalqımızı təbrik edən BAAF-nin prezidenti idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. Gənclər və idman naziri Azad Rəhimov London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin idmanın bu növündə 1 bürünc medal qazandığını diqqətə çatdırıb və konqresin Bakıda təşkil olunmasının əhəmiyyətindən danışıb. Nazir bildirib ki, ölkəmiz mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Son 2 ay Azərbaycanın idman həyatı üçün çox əlamətdar olub. Dünya Şahmat Federasiyası ilə imzalanmış müqavilələrə əsasən 2015-ci ildə şahmat üzrə dünya kuboku yarışları, bir il sonra isə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək. Cari il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Bakıda təşkil edilməsi haqqında qərar qəbul olunub. Bütün bunlar Azərbaycanın dünyada bir idman ölkəsinə çevrilməsindən xəbər verir. Cari ildə ölkəmizdə 50 beynəlxalq yarışın təşkil olunduğunu diqqətə çatdıran Rəhimov Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti İsmayıl İsmayılov idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat verib. Qonaqları AAAF-nin prezidenti Cahangir Əsgərovun adından salamlayan İsmayılov konqresdən sonra ölkəmizdə BAAF Qran-pri – Bakı Beynəlxalq kuboku yarışlarının keçiriləcəyini diqqətə çatdırıb. Yarış yeni inşa olunmuş Ağır Atletika Mərkəzində baş tutacaq. Sonra idmanın bu növünün inkişafına göstərdiyi xidmətlərə görə gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini, AAAF-nin vitse-prezidenti İsmayıl İsmayılov və AAAF-nin icraçı direktoru İsgəndər Əsgərov BAAF tərəfindən mükafatlandırılıblar. Konqres dekabrın 13-də işini davam etdirəcək. |
|
Xəbər 1126 dəfə oxundu. |
|
|