Bu gün UEFA Çempionlar Liqasında V turun oyunları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında V turun oyunları keçiriləcək. Həmin görüşlərdən sonra 1/8 finala yüksələn digər klubların da adları məlum olacaq.

Ümumiyyətlə, bəzi komandaların taleyinə aydınlıq gətirəcək turda bir sıra maraqlı oyunlar baş tutacaq. Bunlardan “Yuventus” – “Çelsi”, “Valensiya” – “Bavariya”, “Mançester Siti” – “Real” matçlarını göstərmək olar.

Təbii ki, “Qalatasaray”la “Mançester Yunayted”in dueli də maraqla gözlənilir. Mançester təmsilçisi nəinki növbəti mərhələyə çıxmaq vəzifəsini, qrup liderliyini də artıq təmin etdiyindən, İstanbulda qeydə alınacaq nəticə onlar üçün turnir cədvəlindəki mövqe baxımından əhəmiyyət daşımır. Əvəzində “Cim Bom” üçün bu qələbə çox vacibdir.

Çünki onun qrupunda elə bir vəziyyət yaranıb ki, 2-ci yerə iddiaçılar arasında mübarizə çox qızışıb. “Qalatasaray”la eyni xala malik ÇFR 3 xalı olan “Braqa”nı qəbul edəcək və onlar arasında oyunda xal itkisi qaçılmazdır. Bu isə “Qalatasaray”ın qələbə qazanacağı halda işinə daha çox yarayacaq. Onda 2-ci pillədə mövqeyini qoruyacaq türkiyəlilər son turda “Braqa” ilə səfər matçında heç-heçə ilə də növbəti mərhələyə çıxa biləcək. Ancaq istənilən halda, bu qrupda 2-ci yerin taleyinə son turda aydınlıq gələcək.

İndiyə kimi “Mançester Yunayted”lə yanaşı, “Portu” və “Malaqa” növbəti mərhələyə çıxıb. A qrupunda PSJ, B qrupunda “Şalke” ilə “Arsenal”, C qrupunda “Milan”, D qrupunda “Borussiya” ilə “Real”, E qrupunda “Şaxtyor”la “Çelsi”, G qrupundan “Barselona” ilə “Seltik” bu turda 1/8 finala çıxmalarını rəsmiləşdirə bilərlər. F qrupunda liderlər olan “Bavariya” ilə “Valensiya” arasındakı oyunda qalib gələn növbəti mərhələyə çıxacaq. Özü də ispanlar ev oyununda üstünlükən istifadə edərsə, qrup liderliyini də təmin edəcək.

Xəbər 984 dəfə oxundu.