Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IX turun partiyaları oynanılıb.

Qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.

Çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyli ilə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə və Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.

Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcəklər.

Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova rəqib olub. 2-3-cü yerləri tutan Aydın Süleymanlı ilə Xəzər Babazadə isə digər cütü təşkil ediblər. Yarımfinal iki oyundan ibarətdir.

İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Xəbər 101 dəfə oxundu.