Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib
Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə, eləcə də Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alan şagird-güləşçilərlə görüşüblər.

Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıblar. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. Hazırda gimnaziyada ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər.

Növbəti tədris ilindən gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır.

Xəbər 120 dəfə oxundu.