Azərbaycan V Ümumdünya Köçəri Oyunlarında fəal iştirak edəcək | |
Azərbaycan bu il sentyabrın 8-14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında fəal iştirak edəcək. Bunu Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayellə görüşü zamanı deyib. Səfir bildirib ki, yarışda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edəcəklər. Oyunlar çərçivəsində 20 yarış və 10 nümunəvi idman növü üzrə turnirlərin keçirilməsi nəzərdə tutulur. Onların arasında atçılıq yarışları, milli döyüş sənətləri, ənənəvi intellektual oyunlar, oxatma, quşlarla milli ov növləri, xalq oyunları və sairə var. Azərbaycanın bu irimiqyaslı tədbirdə iştirakının əhəmiyyətini vurğulayan Alim Bayel Fərid Qayıbovu şəxsən Oyunlara baxmağa dəvət edib. Nazir isə öz növbəsində Qazaxıstan paytaxtına səfər etməklə bağlı dəvəti qəbul edib. Səfir, həmçinin deyib ki, V Ümumdünya Köçəri Oyunları Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində keçiriləcək və Türk dünyasını növbəti dəfə sıx birləşdirəcək. Eyni zamanda, tədbir türkdilli xalqların unikal ənənələrinin təbliği və onların qorunub saxlanılması üzrə fəaliyyətlərə təkan verəcək. |
|
Xəbər 181 dəfə oxundu. |
|
|