Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib | |
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Boks Mərkəzində təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 74 komandanın 408 boksçusu qatılıb. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici ötən il 66 komandadan 326 idmançı olub. Döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, bu, Olimpiya ili çərçivəsində ilk yerli yarışdır və “Paris-2024” Yay Olimpiya Oyunlarında boksçulara böyük ümidlər bəslənilir: “Azərbaycan birinciliyində yeni rekord vurulub, bu, çox sevindiricidir. Yarışların ədalətli keçirilməsi, regionlarda da infrastrukturun qurulmasının nəticələrini artıq görürük. Bundan sonra da həm Bakıda, həm də bölgələrdə boksun daha da inkişafı və kütləviləşməsi üçün ciddi addımlar atılacaq”. Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub. Qeyd edək ki, birincilikdə qaliblərin adına yanvarın 14-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər. Yarışın baş hakimi Anar Babanlıdır. |
|
Xəbər 210 dəfə oxundu. |
|
|