Əliyar Ağayevin idarə etdiyi oyunda “Mançester Siti” səfər qələbəsi qazanıb
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi oyunda İngiltərənin “Mançester Siti” klubu səfər qələbəsi qazanıb.

Premyer Liqa təmsilçisi UEFA Çempionlar Liqasında qrup mərhələsinin son matçında Serbiyanın “Srvena Zvezda” komandasını səfərdə məğlub edib.

Belqradda reallaşan G qrupunun son tur qarşılaşmasında Pep Qvardiolanın başçılıq etdiyi kollektiv 3:2 hesablı qələbə qazanıb. Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən 3, qonaqlardan isə 1 oyunçuya sarı vərəqə göstərib. FİFA referisi 85-ci dəqiqədə serbiyalıların qapısına penalti təyin edib və bu sayədə ingilislər 3-cü qolu vurublar.

Qrupun digər matçında Almaniyanın “Leyptsiq” klubu öz meydançasında İsveçrə təmsilçisi “Yanq Boyz”u 2:1 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra “Mançester Siti” 18, “Leyptsiq” 12 xalla 1/8 finala adlayıblar. 4 xal toplayan “Yanq Boyz” mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək. “Srvena Zvezda” isə 1 xalla sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.

Xəbər 154 dəfə oxundu.