Milli Olimpiya Komitəsində Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüş olub | |
Noyabrın 24-də Milli Olimpiya Komitəsində (MOK) Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüş keçirilib. Görüşdə vitse-prezident Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin beynəlxalq idman əlaqələrindən danışaraq bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışlarında ölkə rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidentliyindən gəldiyini xüsusilə vurğuladığını deyib. Daha sonra ölkəmizin I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsindən danışaraq qeyd edib ki, Azərbaycan bu oyunlarda yeni standartları müəyyənləşdirib. Çingiz Hüseynzadə bu gün Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin keçirildiyini və bu tədbirdə Avropa Ədalətli Oyunlar Hərəkatı ilə bağlı mükafatların verildiyini, ölkəmizdə atletikanın inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırıb: “Atletika ölkəmizdə bütün idman növlərinin inkişafında xüsusi yer tutur. Təsadüfi deyil ki, Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyanı məhz atletimiz Anna Skidan qazanıb. İstər Olimpiya, istərsə də Avropa Oyunlarında atletika yarışları bir qayda olaraq əsas yarışlardan hesab olunur”. Çingiz Hüseynzadə daha sonra bildirib ki, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun idman sahəsində böyük təcrübəsi var. O, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının da prezidenti olub və rəhbərlik etdiyi federasiya böyük uğurlar qazanıb. Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov Azərbaycana səfərindən məmnun olduğunu və burada özünü doğma evindəki kimi hiss etdiyini bildirib. Qonaq Azərbaycanda atletikanın inkişafı üçün Avropa Atletika Assosiasiyasının öz dəstəyini əsirgəməyəcəyini deyib. Dobromir Karamarinov Respublika Olimpiya Mərkəzi ilə tanışlığı barəsində də danışaraq ölkədə atletika idman növünün inkişafı üçün daha böyük və müasir mərkəzə ehtiyac duyulduğunu, rəhbərlik etdiyi qurumun bu sahədə yerli federasiyaya lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb. O, Azərbaycan Atletika Federasiyasının Avropa Atletika Assosiasiyasının bir hissəsi olduğunu qeyd edərək, əmin olduğunu bildirib ki, bu idman növü ölkəmizdə daha da inkişaf edəcək və gələcəkdə böyük uğurlar əldə olunacaq. Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasındakı fəaliyyətindən danışaraq qeyd edib ki, ölkəmizdə atletikanın inkişafı ilə bağlı əlindən gələni əsirgəməyəcək. Bu istiqamətdə Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Avropa Atletika Assosiasiyasının da federasiyaya kömək edəcəyinə ümidvar olduğunu bildirib. Federasiya prezidenti Respublika Olimpiya Mərkəzindəki şərait barədə danışaraq orada yerləşən ictimai iaşə obyektinin yenidən qurulacağını və idmançılar üçün zəruri qidalarla təmin olunacağını vurğulayıb. |
|
Xəbər 179 dəfə oxundu. |
|
|