Azərbaycan və Türkiyə Voleybol federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb | |
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, federasiya nümayəndələri və ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının (TVF) prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev arasında görüş keçirilib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə federasiyanın əməkdaşları videotəqdimatlarla çıxış ediblər. Qadınlardan ibarət milli komandanın meneceri Səbinə Babayeva yeniyetmə qızların və oğlanların yığmalara cəlb olunması istiqamətində görülən işlərdən, Beynəlxalq əməkdaşlıq üzrə menecer Nərgiz İsmayılova regional voleybol klublarının fəaliyyəti və regionlarda həyata keçirilən tədbirlərdən danışıb. Ölkədə çimərlik voleybolunun hazırkı vəziyyəti və bu sahədə görülən işlər haqqında çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə, federasiyanın strateji planı və klublarda görülən işlər haqqında isə AVF-nin İdman direktoru Vüqar Hüseynzadə məlumat verib. Sonra Azərbaycan Voleybol Federasiyası və Türkiyə Voleybol Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AVF-nin prezidenti Şahin Bağırov və TVF-nin prezidenti Akif Üstündağ imzalayıb. A. Üstündağ çıxış edərək bildirib ki, bu sənəd hər iki qurum arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcək. O, bir millər iki dövlət olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanında olduqlarını deyib. Memorandumun əhəmiyyətini vurğulayan A. Üstündağ sənədin tərəflərin voleybol sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Daha sonra çıxış edən Şahin Bağırov memorandumun məqsədindən, həmçinin TVF ilə birgə görüləcək işlərin əhəmiyyətindən söz açıb. O, imzalanan bu sənədin iki qardaş ölkə arasında voleybol sahəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib, yaxın gələcəkdə böyük uğurlar qazanılacağına inamını ifadə edib. Ş. Bağırov Azərbaycanda səfərdə olan bütün qonaqlara minnətdarlığını bildirib. |
|
Xəbər 265 dəfə oxundu. |
|
|