Avropa Kuboku: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib | |
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokunun dördüncü günündə Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb. İlk görüşündə Bartumey Roskoviçi (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kiloqram) 1/4 finalda fransalı Lunes Hamrauini sınağa çəkib. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. M. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. İdmançı 3-cü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək. 75 kiloqramda Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı 3-cü yeri təmin edib. Boksçu 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. M. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək. Yarımfinal görüşləri oktyabrın 13-də olacaq. Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycanın 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kiloqram) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kiloqram) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kiloqram) isə Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq. |
|
Xəbər 143 dəfə oxundu. |
|
|