“Neftçi” və “Qarabağ”da oynamış futbolçu: Qələbə Adrian Mutuya uğur gətirə bilər | |
“Komandaların hazırkı durumundan asılı olmayaraq, “Neftçi” – “Qarabağ” oyunları hər zaman prinsipial xarakter daşıyır. Bu baxımdan sabahkı qarşılaşma da gərgin və prinsipial olacaq”. Bu sözləri açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın IX turunda “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib. Futbolçu karyerasında hər iki klubun formasını geyinmiş 53 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda “ağ-qaralar” daha istəkli görünəcək: “Çünki mümkün qələbə komandaya növbəti oyunlar üçün inam verə bilər. “Qarabağ”da isə avrokubok oyunlarından sonra motivasiya “Neftçi”yə nisbətən aşağı ola bilər. Amma Ağdam klubunun üstünlüyü ondadır ki, oturuşmuş heyəti var. Rotasiyalar etmək üçün seçim imkanı genişdir. On görə də bu amillərin “Qarabağ”a təsiri az ola bilər. “Neftçi”də isə heyət elə də geniş deyil. Bir oyunçunun sıradan çıxması komandaya mənfi təsir göstərir”. A. Əsədovun sözlərinə görə, “Qarabağ” üç gündən bir oyunlar keçirdiyi üçün sıx qrafika uyğunlaşıb: “Düzdür, İsveçdə “Hekken”lə ağır oyunu və uzaq yolu nəzərə alsaq, bərpa prosesi uzun çəkə bilər. Amma dediyim ki, komandanın geniş heyəti var. Avrokubok matçlarında oynamayan futbolçular çempionatda meydana çıxa bilirlər. Bu mənada, “Qarabağ” üçün hər hansı problemin olacağını düşünmürəm”. Təcrübəli mütəxəssisin fikrincə, “Qarabağ” üzərində qələbə Adrian Mutuya da özünəinam və gələcək oyunlarda uğur gətirə bilər: “Amma rumıniyalı mütəxəssisin işini bu oyunla qiymətləndirmək düzgün deyil. “Qarabağ” 15 ildir Qurban Qurbanovun rəhbərliyi altında çıxış edir. Mutu isə yeni gəlib. Həm özü, həm də transferlər hələ adaptasiya dövrü keçir. Komandaya vaxt lazımdır. Düşünürəm ki, Mutunun işinə yanvar ayından sonra qiymət vermək olar. Hazırda isə ondan komandanı dərhal liderliyə yüksəltməyi tələb etmək düzgün çıxmaz. Belə məsələlərə peşəkar yanaşmaq lazımdır”. O, hər iki komandanın qalib gələ biləcəyini istisna etməyib: “Təbii ki, “Qarabağ” favorit sayıla bilər. Amma bu komandalar arasında hər zaman yüksək rəqabət olduğu üçün şansları bərabər sayıram. Çünki “Qarabağ”ın heyətində də müəyyən dəyişikliklərin olacağı gözlənilir. Hər iki komanda qalib gələ, hətta heç-heçə də ola bilər”. A. Əsədov bu mövsüm çempionatda bərabər səviyyəli mübarizə getdiyini vurğulayıb: “Mövsümün əvvəlindən “Neftçi”, “Qarabağ” və “Sabah” kimi iddialı komandaları ilk “üçlük”də görsək də, hazırda vəziyyət bir qədər fərqlidir. Məsələn, artıq “Qarabağ”ın iki məğlubiyyəti var, heç-heçə edib. Həmçinin, “Neftçi” və “Sabah” da xallar itirib. İlk dövrə bu komandaların qeyri-sabit oyunu ilə yadda qaldı. Məncə, onların durumunu növbəti dövrələrdə qiymətləndirmək olar”. Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq. Səkkiz turdan sonra Ağdam təmsilçisi 16 xalla ikinci, Bakı klubu isə 12 xalla beşinci pillədə qərarlaşıb. |
|
Xəbər 164 dəfə oxundu. |
|
|