Avropa Liqası: “Qarabağ” ən çox hücum edən komandadır | |
UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb. H qrupunda mübarizə aparan “Qarabağ” hazırda turnirin ən çox hücum edən komandasıdır. Azərbaycan çempionu geridə qalan iki oyunda 118 hücum cəhdi edib ki, bunların da ikisi qolla nəticələnib. İlk turda Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi son turda İsveçdə “Hekken”i də bir cavabsız qolla üstələyib. Həmçinin “köhlən atlar” qapı istiqamətində ən çox zərbə endirən beşinci kollektivdir. 35 zərbədən 10-u çərçivəyə düşüb, 15-i qapıdan aralı keçib, 10-u isə rəqib futbolçular tərəfindən bloklanıb. Bundan başqa, “Qarabağ” qitənin ikinci dərəcəli klub turnirində iki turdan sonra rəqibdən ən çox top oğurlayan (88) üçüncü komandadır. Ağdamlılar bu göstəricidə yalnız İtaliyanın “Atalanta” (101) və İngiltərənin “Vest Hem” (90) klublarından geri qalır. Qeyd edək ki, “Qarabağ” hazırda H qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. |
|
Xəbər 211 dəfə oxundu. |
|
|