Rüfət Dadaşov: Anam həndbolçu, atam isə Azərbaycan millisinin kapitanı olub | |
“Atam su polosu ilə məşğul olurdu. Həqiqətən yaxşı oyunçu idi, hətta Azərbaycan millisinin kapitanı olub”. Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov ailəsi barədə Almaniya mətbuatına müsahibəsində deyib. Hazırda Almaniyanın Regional Liqasında Berlin “Dinamo”sunun formasını geyinən 32 yaşlı forvard bildirib ki, dörd yaşı olanda üzməyə və su polosu oynamağa başlayıb: “Biz Almaniyaya gələndə burada su polosu o qədər də populyar deyildi. Buna görə də sonradan futbol oynamağa başladım”. İdmançı ailəsində anadan olduğunu söyləyən R.Dadaşov əlavə edib: “Anam həndbolçu, bacım isə futbolçu idi. Özü də hər ikisi hücum xəttində çıxış edirdi. Görünür, ailəmizdə hücumçu olmaq istəyi var. Evdə nə oynamağımızın fərqi yoxdur – kart və ya başqa oyun. Hamı hər zaman qalib gəlmək istəyir”. O, Türkiyə Superliqasında “Hatayspor”un şərəfini qoruyan qardaşı Renat Dadaşovla tez-tez ünsiyyətdə olduğunu vurğulayıb: “Çemnitzer”ə vurduğum üç qoldan sonra mesaj yazdı ki, komandanız üçüncü liqaya yüksəlməlidir. Hər oyundan əvvəl bir-birimizə uğurlar arzulayırıq və oynadığımız hər matçı müzakirə edirik”. Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində keçirdiyi 24 oyunda 5 qol vurub. |
|
Xəbər 191 dəfə oxundu. |
|
|