Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub | |
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafından, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini məharətlə görür. Cüdo ölkəmizin regionlarında sürətlə inkişaf edir”. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qruplarından olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”. Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. Sonra “Böyük dəbilqə” turnirində mübarizə davam etdirilib. Mötəbər turnirdə 64 ölkədən 250-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur. |
|
Xəbər 188 dəfə oxundu. |
|
|