AFFA beş klubu cərimələyib, “Kəpəz” komandasına xəbərdarlıq edilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

iclasda Azərbaycan Premyer Liqasının VI turunun oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sumqayıt”la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Zirə” klubunun futbolçusu Pyer Zebli 2 oyun cəzalanıb, paytaxtı təmsilçisi 1 500 manat cərimə edilib.

Həmin qarşılaşmada qonaq komandanın baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 5 oyunluq diskvalifikasiya olunub. “Gənclik şəhəri” təmsilçisi isə baş vermiş insidentə görə 4 000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Bundan başqa, oyun zamanı meydan sahibi komandanın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün “Zirə” klubu 800 manat cərimə ödəyəcək. Eyni cərimə analoji səbəbdən “Sumqayıt” klubuna da tətbiq olunub.

“Neftçi” ilə oyunda ikinci sarı vərəqə ilə meydandan qovulan “Araz Naxçıvan”ın futbolçusu Muhammed Kadiri 1 oyun cəzalanıb, klubunu isə 500 manat ziyana salıb.

“Kəpəz” – “Səbail” oyununda Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmaması) Gəncə klubuna xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Qəbələ” matçında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə klub 500 manat cərimə edilib.

Bundan başqa, qonaq komandanın məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqəni aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəza alıb. “Qəbələ” klubu isə 4 000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Xəbər 115 dəfə oxundu.