Xəzər İsayev: Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər | |
Azərbaycan idmançıları demək olar ki, bütün idman növlərində uğur qazanıblar. Bizdə atıcılıq, şahmat və cüdonun tarixi ənənələri var. Bu sözləri açıqlamasında Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ölkəmizdə keçirilən nüfuzlu yarışlar barədə danışarkən deyib. O, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb: “Bunun əsas səbəbi I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Gənclərin Avropa Festivalı və bu kimi nüfuzlu yarışların Azərbaycanda yüksəl səviyyədə keçirilməsidir. Təbii ki, tək yarışların təşkili deyil, gələn qonaqların, iştirakçıların qarşılanması və onlara göstərilən diqqət də hər zaman yüksək səviyyədə olub. Azərbaycanda keçirilən heç bir yarışda ədalətsizlik olmur. Məhz bu amillər Azərbaycanın nüfuzunu bütün dünyada artırır. Biz gələcəkdə Olimpiya Oyunlarına da ev sahibliyi edə bilərik”. Xəzər İsayev ötən ay ölkəmizdə təşkil olunmuş şahmat üzrə Dünya Kuboku və atıcılıq üzrə dünya çempionatının da yüksək səviyyədə keçirildiyini söyləyib: “Həm şahmatın, həm də atıcılığın Azərbaycanda tarixi ənənələri var. Ruslan Lunyovun “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması ölkəmizdə atıcılıq idman növünün inkişafından xəbər verir”. Sentyabrın 22-dən 24-dək Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirindən də söz açan idman xadimi Azərbaycan Cüdo Federasiyasının çox fəal və məqsədyönlü şəkildə fəaliyyət göstərdiyini qeyd edib: “Sistematik olaraq, federasiya sözün əsl mənasında öz işinə önəm verir və Azərbaycanda cüdonun inkişafına böyük diqqət göstərir”. |
|
Xəbər 147 dəfə oxundu. |
|
|