Millimizin qapıçısı: Final mərhələsinə çıxmaq istəyiriksə, sonadək mübarizə aparmalıyıq
İki gündür tam heyətlə məşq edirik. Buna qədər bəzi oyunçular öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni, meydanda necə oynayacağımızı məşq edirik.

Bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirəcəkləri oyunla bağlı jurnalistlərə açıqlamasında deyib.

32 yaşlı qolkiper rəqibi hələ analiz etmədiklərini bildirib: “Orada da hazırlaşmaq üçün vaxtımız olacaq. İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan yığmaların hər birinin şansı var.

Təcrübəli oyunçu Rumıniya millisinin fərqli oyun üslubunda çıxış etdiyini vurğulayıb: “Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik”.

O, səfərə qələbə üçün yollanacaqlarını əlavə edib: “Hər birimiz qələbə qazanmaq istəyindəyik. Final mərhələsində iştirak etmək istəyiriksə, hər bir oyunda maksimum nəticə qazanmalı, qrupda birinci yeri tutmalıyıq. Geriyə yol yoxdur. Hansısa riyazı hesablamalar aparmaq da lazım deyil. Final fitinə qədər mübarizə aparmalıyıq”.

Xəbər 137 dəfə oxundu.