Ruslan Abışov: Bakıda növbəti dəfə Belçika millisinə sürpriz edə bilərik | |
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov AVRO-2024-ün seçmə mərhələsində Belçika yığması ilə keçiriləcək oyundan öncə müsahibə verib. Millimiz sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçika yığması ilə qarşılaşacaq. Hər iki komandanın ümumi vəziyyətini və güc nisbətini nəzərə alsaq, şansları necə qiymətləndirirsiniz? - Oyunla bağlı elə də geniş şərh verməyə ehtiyac yoxdur. Rəqib güclüdür. Yeganə üstünlüyümüz evdə oynamağımızdır. Maraqlı oyun gözləyirəm. Millimiz bundan əvvəl Belçika ilə dörd dəfə qarşılaşıb və yalnız son oyunda 1 xal qazanıb. Sizcə, komandamız bu dəfə də sürpriz edə bilərmi? - Əlbəttə. Bizim milli evdə oynadığı bütün dövrlərdə istənilən rəqibə sürpriz edib. Bu oyunda da hər şey ola bilər. Bunun üçün necə oynamaq lazımdır? - Bu barədə millinin baş məşqçisi Canni De Byazi daha yaxşı bilər. Təcrübəli mütəxəssisdir, yəqin artıq hər hansı oyun planı müəyyənləşdirib. Lakin biz Belçika ilə 1:1 hesablı heç-heçə etdiyimiz görüşdə onlara qarşı çox aqressiv oynamışdıq. Əsasən, əks hücumlarda daha təhlükəli idik. Yeri gəlmişkən, Belçika millisinin qapısına vurulan iki qoldan birinin müəllifi məhz sizsiniz. AVRO-2012-nin seçmə mərhələsinə təsadüf edən oyunu (1:4) və vurduğunuz qolu necə xatırlayırsınız? - Həmin oyunda 0-1 hesabı ilə geridə idik. Sonra künc zərbəsindən ötürülən topu başla qapıdan keçirdim. Qoldan çox Mahir Şükürovun ideal ötürməsini xüsusi qeyd etmək lazımdır. Səhv etmirəmsə, oyunun sonlarına yaxın cərimə zərbəsindən də fərqlənməyə yaxın olmuşdum. Necə düşünürsünüz, Belçika yığmasının bugünkü heyəti daha güclüdür yoxsa 12 il öncəki? - Ovaxtkı Belçika millisi daha əzəmətli görünürdü. İstənilən halda onlar hər dövrdə güclü olublar. Rəqibin heyətində Tibo Kurtua və Kevin De Brüyne kimi oyunçuların yoxluğu matça necə təsir edə bilər? - Onlar Belçika millisinin ən əsas oyunçularıdır. Bu futbolçuların yoxluğu hiss olunacaq. Amma ciddi fərq olacağını düşünmürəm. Millimiz Belçika ilə matçdan sonra İordaniya ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyunla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, rəqib seçimi barədə fikirləriniz maraqlıdır... - Yoldaşlıq oyunu olduğu üçün ətraflı fikir bildirmək çətindir. Normal rəqibdir. Qələbə qazanıb özünə inamı artırmaq baxımından faydalı matç sayıla bilər. Bu iki oyunla bağlı hesab təxminləriniz necədir? - İordaniya ilə oyundan qələbə, Belçika ilə matçdan isə heç-heçə gözləyirəm. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|