Azərbaycanın at polosu üzrə millisi 14-cü Avropa çempionatına qələbə ilə başlayıb
Sentyabrın 3-də Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatının ilk qrup oyunları təşkil olunub.

Dövlət Sərhəd Xidmətidən (DSX) verilən məlumata görə, heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun yer aldığı millimiz ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib və 6:5 hesabı ilə qələbə qazanaraq aktivinə 1 xal yazdırıb. Gərgin mübarizədə kapitan Elçin Camallı qollardan ikisini aktivinə yazdıraraq dubl edib.

Millimizin çıxış etdiyi “A” zona qrupunun digər görüşündə isə İtaliya millisi İsveçrə üzərində 6:2,5 hesabla inamlı qələbə qazanıb. İlk görüşün nəticələrinə əsasən aktivlərində 1 xal olan İtaliya və Azərbaycan yığmaları qrupda ilk iki, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.

Təmsilçilərimiz qrupun ikinci matçını sentyabrın 4-də yerli vaxtla saat 14:00-da son Avropa çempionu İtaliyaya qarşı oynayacaq. Yığmamızın həlledici adlandırıla biləcək qarşılaşmaya eyni heyətlə çıxması planlaşdırılıb.

Zona “B” qrupundakı oyunlarda Hollandiya Avstriyaya 5:8,5, İngiltərə isə Almaniyaya 4:8 hesabı ilə uduzub.

Xəbər 112 dəfə oxundu.