Rauf Əliyev: Düşünürəm ki, “Qarabağ” Avropa Liqasında qrupdan da çıxacaq
Bu uğur “Qarabağ”dan gözlənilən nəticə idi.

Bu sözləri açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda Sloveniya “Olimpiya”sı ilə 1:1 hesablı heç-heçə etməsi barədə danışarkən deyib.

Veteran hücumçu Ağdam təmsilçisinin ardıcıl 10-cu dəfə qrupa düşməsinin böyük nəticə olduğunu bildirib: “Hər kəs “Qarabağ”ı qrup mərhələsində görmək istəyirdi. Qurban Qurbanov və komandası həmişəki kimi xalqımızı sevindirdi. Bu, qürurverici haldır. Dünən “Olimpiya” ilə baş tutan cavab oyununda da qalib gələ bilərdik, lakin görüş heç-heçə ilə bitdi. Fikrimcə, qrupa vəsiqənin taleyi Lyublyanadakı ilk matçda həll edilmişdi”.

R.Əliyevin sözlərinə görə, Azərbaycan dünyada futbol ölkəsi kimi tanınmasa da, “Qarabağ” bizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, qrup mərhələsində də yaxşı çıxış edəcəklər. Nəyə qadir olduqlarını ötən illər ərzində sübut ediblər. Düşünürəm ki, qrupdan da çıxacaqlar. Futbol həvəskarları azarkeşlik etdikləri dünya nəhənglərini Bakıda görə biləcəklər. Təbii ki, bu da bir növ idman bayramı hesab olunur”.

Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri bu gün bəlli olacaq.

Xəbər 118 dəfə oxundu.