“Araz-Naxçıvan”ın legioneri: Adaptasiya prosesini tezləşdirsək, nəticələrimiz yaxşılaşacaq
“Sumqayıt”la oyunun birinci hissəsində yaxşı oynamadıq. Fasilədən sonra toparlana bildik. Eləcə də, oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq və oyunumuzu nümayiş etdirdik.

Bu sözləri “Araz-Naxçıvan” komandasının futbolçusu Vanderson Melo klubun rəsmi saytına açıqlamasında deyib.

İndiyədək Premyer Liqada 4 oyun keçirdiklərini deyən braziliyalı yarımmüdafiəçi komandanın yeni qurulduğunu vurğulayıb: “Gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz da oldu. Buna görə adaptasiya üçün vaxta ehtiyac var. Demək olar, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 oyunu analiz etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki görüşdə uğur qazana bilmədik. Adaptasiya prosesini tezləşdirsək, nəticələrimiz yaxşılaşacaq”.

O, V turda “Kəpəz”lə oyunun maraqlı keçəcəyini qeyd edib: “Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk minifinalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Yaxşı hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu oyun Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq”.

V.Melo ölkə çempionatının maraqlı keçdiyini bildirib: “İstər turnir cədvəlinə, istərsə də oyunlara diqqət yetirsək, gərgin mübarizənin getdiyini görə bilərik. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxır. Bu, yaxşı haldır”.

Yarımmüdafiəçi komandaya və ölkəmizə tam uyğunlaşdığını deyib: “Bura gələnə qədər Ukrayna və Belarusda da forma geyinmişəm. Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır. Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır. Burada darıxmıram”.


Xəbər 150 dəfə oxundu.