AFFA İntizam Komitəsi beş klubu cəzalandırıb
AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

İK Azərbaycan Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Kəpəz”–“Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri kütləvi şəkildə matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Gəncə təmsilçisinə xəbərdarlıq edilib.

Bundan başqa, qarşılaşmadan sonra “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilib. Həmçinin oyun zamanı zonaların tələblərinə riayət olunmadığı üçün “sarı-göylər” 500 manat cərimələnib. Eyni zamanda, “Turan Tovuz” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün klubu 1500 manat xərcə salıblar.

“Qarabağ”–“Araz-Naxçıvan” oyununda dörd futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komanda 700 manat cərimə olunub.

“Sabah”–“Neftçi” matçında meydan sahiblərinin yeddi, qonaqların isə beş futbolçusu sarı vərəqə aldığı üçün klubların hərəsi 700 manat cərimə ödəyəcəklər. Bundan əlavə, “Sabah”ın baş məşqçisi Murad Musayev görüşün bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün biri şərti olmaqla iki oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Həmçinin ev sahibi komandanın azarkeşləri oyunun rəsmi şəxslərinin, qonaq fanatlar isə rəqib tərəfdarların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə hər iki kollektivə xəbərdarlıq edilib.

Xəbər 151 dəfə oxundu.