Nicat Abasov: Bütün Azərbaycanın dəstəyini hiss edirəm
İlk oyun mənim üçün rahat oldu. Karuananın səhvindən sonra qələbə qazanmağıma heç nə mane ola bilməzdi.

Bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyunda ABŞ təmsilçisi Fabiano Karuanaya qəlib gələn Nicat Abasov turnirin rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı qrosmeyster rəqibinin gözlənilməz səhvə yol verdiyini bildirib: “Düzgün gedişlər edərək oyunu qələbə ilə başa vurdum. Belə səhv Karuana kimi güclü şahmatçıya xarakterik deyil. Dünya Kuboku uzun müddətdir davam edir, əksər şahmatçılar yorulub. Fabiano ötən gün tay-brekdə də mübarizə aparıb. Yorğunluq özünü göstərə bilər. Məndə də bir qədər yorğunluq var. Dünən oynamadığım üçün bərpa oluna bildim”.

N.Abasov üçüncü yer uğrunda oyunda sona qədər mübarizə aparacağını söyləyib: “Sabah cavab oyunudur. Arxayınlaşmaq olmaz. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün Azərbaycanın dəstəyini hiss edirəm. Üçüncü yer uğrunda mübarizə çox vacibdir. İlk üçlükdə olmaqla İddiaçılar Turnirində iştirakımı rəsmiləşdirmək istəyirəm”.

Qeyd edək ki, sabah keçiriləcək cavab görüşü saat 15:00-da başlayacaq.

Xəbər 144 dəfə oxundu.