Məhəmməd Abdullayev: Əsas hədəfim Olimpiadada medal qazanmaqdır
Hələlik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Çıxış etdiyim çəki dərəcəsində lisenziyaya yalnız finalçılar sahib olacaqlar.

Bunu müsahibəsində III Avropa Oyunlarının dörddəbir final mərhələsində yunanıstanlı Stilianos Pouliasa qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən dünya çempionatının mükafatçısı bildirib ki, səkkizdəbir final döyüşündə qaşından zədələnsə də, bu, onun üçün heç bir problem yaratmayıb: “Döyüşə rahat çıxmışdım. Rəqibim qaşımda zədə olduğunu bilirdi. Adətən başı ilə qaşıma zərbələr endirməyə çalışırdı. Hakim isə buna fikir vermirdi. Yunanıstanlı boksçu çox güclü idi. Sevindirici haldır ki, döyüşün sonunda qələbəni mən qazandım”.

M.Abdullayev yarımfinalda almaniyalı Raman Tiafaki də məğlub etmək üçün rinqə çıxacağını deyib: “Onun barədə məlumatlıyam. Birgə təlim-məşq toplanışında iştirak etmişəm. Güclü idmançıdır. Ancaq hər şey rinqdə həll olunacaq. Əsas hədəfim Olimpiadada medal qazanmaqdır. Bundan sonra özümü 12 raunddan ibarət peşəkar boksda sınamaq istəyirəm. Boks kənardan çətin görünsə də, idmanın bu növü ilə məşğul olanlar bokssuz dayana bilmir. Nə qədər zədələrimiz olsa da, bizi ruhlandıran qələbələrdir. Təbii ki, məğlubiyyətlər olmasa, qələbə qazanmaq da çətin olar”.

Qeyd edək ki, Abdullayev yarımfinal görüşünə iyunun 30-da çıxacaq.

Xəbər 154 dəfə oxundu.