U-20 Avropa çempionatında iştirak edəcək 2 komandanın heyəti açıqlanıb | |
İyunun 26-dan iyulun 2-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Qitə birinciliyində hər 3 güləşi növü üzrə yığmamız iştirak edəcək. Yarışın ilk günlərində yunan-Roma, daha sonra qadın, sonda isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Avropa Çempionatında çıxış edəcək yunan-Roma və qadın güləşi üzrə komandaların üzvləri ilə görüş keçirilib. Federasiya rəsmiləri və məşqçilər heyəti idmançılara məsul yarışda uğurlar arzulayıb. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyində Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzaim Mərdanov (130 kq) uğur qazanmağa çalışacaq. Qadın güləşçilərin yarışında böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Ruzanna Məmmədova (55 kq), Nərgiz Səmədova (57 kq), Firuzə Məcidova (59 kq), Fatimə İsayeva (68 kq) və Mərziyə Sadıqova (72 kq) mübarizə aparacaqlar. Sərbəst güləş üzrə yığmanın heyəti isə iyunun 27-də açıqlanacaq. Qeyd edək ki, qitə birinciliyində I kateqoriyalı hakim Vüqar Şükürov ədaləti qoruyacaq. |
|
Xəbər 147 dəfə oxundu. |
|
|