Birinci Bakı Beynəlxalq “Challenge” turnirinə 500-dək gimnast qatılacaq | |
İyunun 17-18-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turniri keçiriləcək. Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) keçiriləcək yarışda Azərbaycan, Gürcüstan və Litvanı təmsil edəcək 46 komandadan 500-dək idmançı bacarığını nümayiş etdirəcək. Tədbirə iştirakçıların “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə start veriləcək. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edəcək. “Challenge” çərçivəsində gimnastika hamı üçün növü üzrə ustad dərsləri, breykdans idman növü üzrə nümunəvi çıxışlar, tamaşaçılarla birgə flaşmobun keçirilməsi nəzərdə tutulur. Müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər. Qeyd edək ki, dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. İdmanın bu növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 2 növ tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları. Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq gimnastika hamı üçün növünün əsası qoyulub. |
|
Xəbər 199 dəfə oxundu. |
|
|